BAKI,TurkicWorld
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran STRATCOM Zirvəsi ilə bağlı sosial media hesabında paylaşım edib.
TurkicWorld xəbər verir ki, Duran bildirib ki, qlobal qeyri-müəyyənliyin artdığı və geosiyasi balansların yenidən formalaşdığı bir dövrdə STRATCOM Zirvəsi çərçivəsində dövlət və hökumət nümayəndələri, diplomatlar və ekspertlər İstanbulda bir araya gətirilir.
Onun sözlərinə görə, zirvə yalnız görüş platforması deyil, həm də qlobal problemlərin həllinə yönəlmiş güclü iradə nümayişidir.
Duran qeyd edib ki, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin əsas məqsədi strateji kommunikasiyanın imkanlarından istifadə edərək beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq düşüncəni təşviq etməkdir.
O əlavə edib ki, martın 27-28-də keçiriləcək zirvədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan başda olmaqla bir çox yüksək vəzifəli şəxsin iştirakı ilə beynəlxalq sistemin gələcəyi, lider diplomatiyası, vasitəçilik və strateji kommunikasiyanın rolu müzakirə olunacaq.
Duran vurğulayıb ki, dəyişən qlobal informasiya mühitində həqiqət, şəffaflıq və etimadın əhəmiyyəti xüsusi diqqət mərkəzində olacaq.
Onun fikrincə, kommunikasiya böhranların idarə olunmasında və davamlı həllərin qurulmasında əsas vasitələrdən biridir və STRATCOM Zirvəsi qlobal problemlərə ortaq yanaşmanın formalaşmasına töhfə verəcək.







