BAKI, TurkicWorld, Nailə Babazadə
Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının keçiriləcəyi məkan və tarix müəyyənləşib. Təşkilatın nümayəndələri Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə sabah, 7 mart 2026-cı il tarixində İstanbulda bir araya gələcəklər.
TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu kritik görüşdə təşkilat daxilindəki son proseslər və yaxın gələcəkdə atılacaq strateji addımlar ətraflı şəkildə müzakirə olunacaq. Həmçinin nazirlərin güncl qlobal və regional məsələlər ətrafında genişmiqyaslı məsləhətləşmələr aparması planlaşdırılır.
İclasda Türkiyə və təşkilatın hazırkı sədri Azərbaycan ilə yanaşı, üzv ölkələr olan Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nümayəndələri də iştirak edəcəklər. Görüş çərçivəsində təşkilatın mövcud fəaliyyəti qiymətləndiriləcək və Türk dünyası ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş yeni layihələr masaya yatırılacaq. Xüsusilə nəqliyyat, enerji və təhlükəsizlik sahələrindəki inteqrasiya prosesləri iclasın əsas gündəm maddələrindən olacaq.
İstanbulda baş tutacaq bu toplantı Türk dövlətləri arasında diplomatik koordinasiyanın gücləndirilməsi və beynəlxalq arenada ortaq mövqedən çıxış edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekspertlər hesab edirlər ki, regionda davam edən gərginliklər fonunda TDT üzvlərinin bir araya gəlməsi Türk dünyasının birliyi və strateji tərəfdaşlığı üçün mühüm mesajdır. İclasın sonunda qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyət proqramının formalaşmasında həlledici rol oynayacağı gözlənilir.







