BAKI,TurkicWorld
İrandan atılan və Türkiyənin hava məkanına yönələn ballistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.
Nazirliyin açıqlamasına görə, təhlükə havada zərərsizləşdirildikdən sonra raketdən müdafiə sisteminə aid qalıqlar Hatay vilayətinin Dörtyol rayonunda açıq əraziyə düşüb. Hadisə nəticəsində insan tələfatı və yaralanma qeydə alınmayıb.
Bildirilib ki, Türkiyə regional sabitliyin qorunmasının tərəfdarıdır və ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər qətiyyətlə həyata keçiriləcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, dövlət qurumları hadisəni operativ şəkildə koordinasiya edib və ölkənin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.
O vurğulayıb ki, Türkiyə öz ərazisi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün addımları atmaq gücündədir və hər hansı düşmən mövqeyinə beynəlxalq hüquq çərçivəsində cavab vermək hüququnu özündə saxlayır.
Açıqlamada tərəflərə regional gərginliyin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmək çağırışı edilib və qeyd olunub ki, Türkiyə bu prosesdə NATO və müttəfiqlərlə məsləhətləşmələri davam etdirəcək.
Eyni zamanda media və sosial şəbəkə istifadəçilərinə rəsmi mənbələrə istinad etmələri, təsdiqlənməmiş məlumatların yayılmamasına diqqət yetirmələri tövsiyə olunub.







