BAKI,TurkicWorld, Fərid Mikayılov
Rəcəb Tayyib Ərdoğan Türkiyənin F-35 proqramına yenidən qayıtmasının yalnız Ankara–Vaşinqton münasibətləri üçün deyil, həm də NATO-nun ümumi təhlükəsizliyi baxımından zəruri olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Ərdoğan Bloomberg-ə yazılı cavablarında ABŞ ilə münasibətlər, enerji siyasəti və regional geosiyasi proseslərlə bağlı mövqeyini açıqlayıb.
O qeyd edib ki, sentyabr ayında Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüşdə F-35 məsələsini birbaşa gündəmə gətirib.
Ərdoğan Türkiyənin Rusiyadan hərbi texnika alması səbəbilə F-35 proqramından çıxarılmasını “ədalətsiz qərar” adlandıraraq bildirib ki, Ankara bu layihəyə görə ödəniş edib və təyyarələrin təhvil verilməsi hüquqi baxımdan əsaslı tələbdir.
Onun sözlərinə görə, Trampın yenidən hakimiyyətə qayıdışı ilə Türkiyə–ABŞ münasibətlərində daha rasional və müsbət mərhələyə keçmək üçün imkan yaranıb. Ərdoğan vurğulayıb ki, Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi iki ölkənin strateji tərəfdaşlığı ilə yanaşı, NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək.
S-400 sistemləri ilə bağlı mövqeyinə toxunan Ərdoğan bu prosesi Türkiyəyə qarşı haqsız yanaşma kimi qiymətləndirib. O bildirib ki, Ankara üçün əsas məsələ ölkənin nüfuzunun qorunması və maliyyə institutlarının ədalətsiz şəkildə cəzalandırılmasının qarşısının alınmasıdır. Prezidentin sözlərinə görə, danışıqlar bu çərçivədə davam edir və məqsəd hüquqa uyğun, ədalətli nəticəyə nail olmaqdır.






