BAKI, TurkicWorld
Təhlükəsizliyə qeyri-sabitlik yolu ilə nail olmaq olmaz.
TurkicWorld xəbər verir ki, xarici işlər naziri Hakan Fidan BMT çərçivəsində keçirilən "Kıbrısla bağlı Genişləndirilmiş Qeyri-rəsmi Görüş" üçün Nyu-Yorkda jurnalistlərə açıqlamalar verib.
O, bölgədəki son proseslərə və xüsusilə İsrailin Suriyada həyata keçirdiyi hücumlara münasibət bildirib.
Fidan qeyd edib ki, İsrailin Dəməşqə yönəlmiş hücumları Suriyanın sabitlik səylərini zəiflədən addımlardır və bu siyasət regional sabitliyi ciddi təhdid edir. “Təhlükəsizliyə qeyri-sabitlik yolu ilə nail olmaq olmaz”, – deyə o bildirib. Nazir, YPG-nin Süveyda bölgəsindəki qarşıdurmalarda aktivliyinə dair məlumatların olduğunu da qeyd edib və xəbərdarlıq edib ki, xaosdan istifadə edən qüvvələr riskli nəticələrlə qarşılaşa bilər.
O əlavə edib ki, bölgədə sülhün təmin olunmadığı və sabitliyin pozulduğu şəraitdə heç bir tərəf öz təhlükəsizliyini qoruya bilməz. Druzilərlə bədəvilər arasında baş verən toqquşmalara toxunan Fidan, bu gərginliklərin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dərhal dayandırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, hücumlardan sonra Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, İordaniya xarici işlər naziri Ayman Safadi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb.







