BAKI, TurkicWorld
Başda AFAD olmaqla qurumlarımız sahədə fəaliyyət göstərir
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz İstanbulda baş verən zəlzələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
TBMM-də xüsusi gündəmlə keçirilən iclasa qatılmaq üçün parlamentə gələn Yılmaz zəlzələdən təsirlənən vətəndaşlara tezliklə sağalma arzularını çatdırıb.
“Başda AFAD olmaqla bütün aidiyyəti qurumlarımız sahədə lazımi işləri həyata keçirir” – deyə o bildirib. Yılmaz, zəlzələ ilə bağlı rəsmi açıqlamaların izlənməsinin vacibliyini vurğulayaraq, fərqli və qeyri-rəsmi mənbələrə etibar edilməməsini tövsiyə edib.
Can itkisi olub-olmaması ilə bağlı suala isə, “Hazırda bu barədə rəsmi məlumat yoxdur. İstanbul valiliyimiz və müvafiq qurumlar artıq açıqlamalar verir. Məlumatları yalnız rəsmi kanallardan izləmək faydalıdır” - deyə cavab verib.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.







