BAKI, TurkicWorld
Rubionun türkiyəli tələbə Öztürklə bağlı iddiası yalan çıxır.
TurkicWorld xəbər verir ki, ABŞ-ın Demokrat senatoru Chris Van Hollen, senator Marko Rubionun Tufts Universitetində təhsil alan türkiyəli doktorant Rümeysa Öztürklə bağlı iddiasını “böyük yalan” adlandırıb.
Hollen sosial şəbəkədə paylaşdığı açıqlamada, Rubionun xarici siyasətlə məşğul olmaq əvəzinə, ABŞ-da təhsil alan əcnəbi tələbələri hədəf aldığını bildirib.
Van Hollen “Vaşinqton Post”un yaydığı Dövlət Departamentinin daxili memorandumuna istinad edərək, Öztürkün ABŞ-ın xarici siyasətini pozduğu və ya antisemit fəaliyyətdə iştirak etdiyi barədə iddiaların əsassız olduğunu vurğulayıb. Senator Rubiodan tələbələrlə qarışmamağı və bu məsələlərə aydınlıq gətirmək üçün Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verməyi tələb edib.
Qeyd edək ki, türkiyəli tələbə Rümeysa Öztürk martın 25-də Massaçusets ştatında dostları ilə iftara gedərkən 6 maskalı ICE əməkdaşı tərəfindən saxlanılıb. ABŞ dövlət katibi Marko Rubio onun vizasının ləğv edildiyini və deportasiya ediləcəyini açıqlasa da, federal hakim Denise Kasper deportasiya qərarını dayandırıb.
Öztürkün vəkilləri onun Vermontda mühakimə olunmalı olduğunu bildiriblər və Luizianaya aparılmadan əvvəl məhkəməyə vəsatət qaldırıblar. Hakim Kasper bu əsaslarla onun yerində qalmasını qərara alıb. ABŞ-da əcnəbi tələbələrin hüquqlarına dair bu qərar geniş rezonans doğurub və ictimaiyyətin diqqətini çəkib.