Türkiyə BMT Suriya Türkiyə xarici işlər nazirliyi Ərəb dövlətləri UNRWA

Türkiyə Suriyanın gələcəyini müzakirə etdi

BAKI,TurkicWorld

Brüsseldə hər il təşkil olunan Suriya mövzusunda 9-cu Brüssel Konfransının builki mövzusu "Suriyada keçid prosesinin uğurla başa çatdırılması üçün ehtiyacların qarşılanması" oldu.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, konfransda Türkiyəni Xarici İşlər nazirinin müavini Nuh Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi.

Qərb ölkələri ilə yanaşı, Suriyanın qonşuları, Ərəb ölkələri və Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumları da konfransa iştirak etdi.

Suriyadakı keçid prosesinin və yenidənqurma səylərinin dəstəklənməsinə yönəlmiş konfransda, Türkiyənin bu məsələdəki prioritetlərini açıqlayan Yılmaz, ikitərəfli görüşlər də keçirdi.

Yılmaz, Böyük Britaniyanın Yaxın Şərq və Şimali Afrikadan məsul dövlət naziri Hamish Falconer ilə görüşərək Suriyadakı vəziyyət barədə fikir mübadiləsi apardı.

Bundan sonra Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Motzfeldt ilə bir araya gələrək Suriyadakı keçid prosesi və yenidənqurma məsələlərini müzakirə etdi.

Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının birinci sədr müavini Hana Jalloul Muro ilə görüşən Yılmaz, Suriyanın yeni dövründə Türkiyə-AB əməkdaşlıq imkanlarını dəyərləndirdi.

Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Amy Pope ilə görüşən Yılmaz, suriyalıların təhlükəsiz və könüllü geri dönüşü ilə bağlı fikir mübadiləsi apardı.

Bundan əlavə, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) baş komissarı Filipp Lazzarini ilə görüşərək, agentliyin fəaliyyəti və fələstinlilərin vəziyyətini müzakirə etdi.

Yılmaz, həmçinin BMT Baş katibinin xüsusi nümayəndəsi Geir Pedersen ilə bir araya gələrək Suriyadakı son hadisələr və BMT-nin bölgədəki fəaliyyətləri barədə fikir mübadiləsi apardı.

Avropa Komissiyası açıqlamasında konfransda Suriyaya 4,2 milyard avro qrant, 1,6 milyard avro isə aşağı faizli kredit olmaqla, ümumilikdə təxminən 6 milyard avro dəstək vəd edildiyini bildirdi.

Bəzi fondların bir neçə ilə yayıldığı və buna görə də 2025-ci il üçün konkret məbləğin müəyyən edilməsinin çətin olduğu qeyd edildi.

Bağışçılar konfransında Almaniya təxminən 300 milyon avro yardım vəd edərkən, ABŞ heç bir maliyyə dəstəyi vədi vermədi.

Mövzuya görə xəbərlər