Bakı, TurkicWorld
Bugün Türk qadınlarının seçmək və seçilmək hüququnun verilməsinin 90-cı ildönümü qeyd olunur.
TurkicWorld xəbər verir ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk, qadınlara verdiyi dəyəri və onların cəmiyyətdəki rolunu vurğulayaraq, 1934-cü il dekabrın 5-də Türk qadınlarına millət vəkili seçmək və seçilmək hüququ verib.
Atatürk qadınların cəmiyyətdəki rolunu “Dünyada gördüyümüz hər şey qadının əməyidir” sözləri ilə vurğulamış və bir çox Avropa ölkəsindən də əvvəl qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.
1930-cu ildən başlayaraq qadınlara bələdiyyə seçkilərində iştirak hüququ verilmiş, 1933-cü ildə isə qadınlar kənd muxtarı və ağsaqqallar şurası üzvü seçilmək hüququ əldə etmişlər.
Nəhayət, 1934-cü il dekabrın 5-də Konstitusiya və Seçki Qanununa edilən dəyişikliklə qadınlar millət vəkili seçmək və seçilmək hüququ qazanmışlar.
Türkiyə qadınları bu hüququ İsveçrədən 36 il, Fransadan 11 il, Belçikadan isə 14 il əvvəl əldə etmişlər.
İlk bələdiyyə seçkilərində Artvinin Yusufeli mahalında Sədiyə xanım Türkiyənin ilk qadın bələdiyyə sədri olmuşdur. İlk qadın muxtar isə Aydının Dəmirdərə kəndində Gül Esin seçilmişdir.
1935-ci ildə keçirilən parlament seçkilərində qadınlar ilk dəfə iştirak edərək 18 millət vəkili ilə təmsil olunmuşdur. Bu göstərici həmin dövrdə dünyada ikinci yerdə olmuşdur.
İlk qadın millət vəkilləri arasında Hatice Özgener, Mihri Pektaş, Şekibe İnsel və Halide Edip Adıvar kimi adlar yer almışdır.