BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına qoşulmaq imkanını hələ də qiymətləndirir. Bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr məlumat veriblər.
TurkicWorld xəbər verir ki, nazirlik mənbələrinin sözlərinə görə, Türkiyə bankın yaradılması ərəfəsində Kanadanın Monreal şəhərində keçirilən danışıqları yaxından izləyib və həmin müzakirələrdə iştirak edib. Həmçinin Ankara bu həftə NATO-nun Ankara sammiti çərçivəsində təşəbbüsün elan edilməsi ilə bağlı birgə bəyannaməyə qoşulan tərəflərdən biri olub.
Mənbələr bildiriblər ki, Türkiyə hazırda təşəbbüsdə iştirakla bağlı yekun qərar qəbul etməyib. Məsələ aidiyyəti dövlət qurumları tərəfindən hərtərəfli qiymətləndirilir.
Bundan əvvəl Türkiyədən olan başqa bir mənbə ölkənin hazırkı mərhələdə Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına qoşulmaq öhdəliyi götürə bilmədiyini açıqlamışdı. Bildirilmişdi ki, bununla bağlı yekun mövqe aidiyyəti qurumlar arasında aparılan məsləhətləşmələrdən sonra müəyyən ediləcək.





