BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə Türkiyə arasında açıq qarşıdurma üçün səbəb olmadığını bildirib və İsrail Baş naziri Benyamin Netanyahunu tənqid edib.
TurkicWorld xəbər verir ki, Fidan BƏƏ mediasına açıqlamasında Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, iki ölkənin açıq münaqişəyə girməsi üçün əsas olmadığını deyib.
Türkiyə xarici işlər naziri bildirib ki, Netanyahu və onun tərəfdarları seçkilər yaxınlaşdıqca siyasi dəstək qazanmaq üçün yeni düşmən obrazına ehtiyac duyurlar.
Fidan qeyd edib ki, İsrail rəhbərliyi əvvəlcə HƏMAS, Hizbullah və İranla qarşıdurmadan istifadə edib, indi isə yeni qarşıdurma mövzuları axtarır.
Onun sözlərinə görə, bəzi siyasətçilər ictimai dəstək toplamaq üçün təhlükə və düşmən ritorikasından istifadə edirlər.
Son günlər İsrail Baş naziri Benyamin Netanyahu Türkiyəni hədəfə alaraq Prezident Rəcəb Tayyib Ərdoğanın İsrail dövlətini “aradan qaldırmaq” istədiyini iddia edib.
Türkiyə tərəfi isə bu açıqlamaları rədd edərək, regionda sabitlik və diplomatik həll yollarının vacibliyini vurğulayır.







