Bakı. TurkicWorld
Türkiyə qonşu ölkələrlə gərginliyə qarşıdır. Biz bütün dövlətlərlə, xüsusən də regionda yerləşən ölkələrlə dostluq münasibətlərinə və əməkdaşlığın dərinləşdirilməsinə çalışırıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.
“Türkiyənin dünyada dostlarının sayını artırmağa çalışırıq. Ankaranın xarici siyasətinin xoşməramlılığına, qətiyyətinə və səmimiliyinə şübhə etmək olmaz. Türkiyə uzadılan əllərin heç birini rədd etmir”, - deyə dövlət başçısı vurğulayıb.
Siyasətçi qeyd edib ki, Türkiyənin dövlətlərarası münasibətlərdə prioriteti maraqlar birliyi və qarşılıqlı hörmət olaraq qalır. “Əminəm ki, bu komponentləri nəzərə alsaq, ikitərəfli münasibətlərdə aşılması mümkün olmayan heç bir maneə yoxdur və ola da bilməz”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti xatırladıb ki, son illər Ankara region ölkələri və beynəlxalq strukturlarla əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıb.
“Türkiyə artan təhlükəsizlik təhdidləri qarşısında manevr imkanlarını genişləndirmək üçün səylərini daha da artırmaq niyyətindədir”, - deyə siyasətçi bildirib.