Bakı. TurkicWorld:
İraq Daxili İşlər Nazirliyi İran və Türkiyə sərhədlərinin təhlükəsizliyini daha yaxşı təmin etmək üçün 8 mərhələdən ibarət fəaliyyət planları və üsulları tətbiq edəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin Sərhəd Qüvvələri komandanı Məhəmməd əs-Sidi İraqın rəsmi xəbər agentliyi olan İNA-ya verdiyi açıqlamada deyib.
Ən uzun sərhədin İranla 1493 kilometr olduğunu bildirən əs-Siedi İran sərhədindəki Xanaqin rayonu ilə Pencevin qəsəbəsi arasındakı 300 kilometrlik məsafənin təhlükəsizliyini ən yaxşı şəkildə təmin etməyə başladıqlarını qeyd edib.
İraqın Türkiyə və İranla sərhədlərinin təhlükəsizliyini yaxşılaşdırmaq üçün Türkiyə ilə 2, İranla isə 6 mərhələdən ibarət bir plan və üsul təyin etdiklərini əlavə edib.
1980-ci illərdən bəri bu bölgədə qadağan olunmuş silahlı ünsürlərin (PKK) olduğunu bildirən Siedi, bu silahlı ünsürlərin ərazidəki nəzarətini zəiflətmək üçün çalışdıqlarını bildirib.
Siedi Türkiyə ilə 362 kilometr çətin, dağlıq və sərt sərhədin olduğunu və ilin təxminən yarısının qarla örtüldüyünü bildirib.
Tarix boyu İraq və Türkiyə arasında sərhəd məntəqələrinin olmamasının bölgədə bəzi qeyri-qanuni silahlı qruplaşmaların ortaya çıxmasına səbəb olduğuna diqqət çəkən Siedi, “Biz Türkiyə ilə iki mərhələli fəaliyyətə başlamışıq. Birincisi, sərhədin təhlükəsizliyini təmin etmək üçün iki tərəf arasında ortaq koordinasiya mərkəzi yaradılacaq. İkincisi, iki ölkə arasında sərhəd zastavaları tikiləcək”- deyə o əlavə edib.
Duhok və Ərbil şəhərlərinin Türkiyə ilə sərhəd xəttlərində təxminən 27 sərhəd dirəyi tikilməsi üçün göstəriş verildiyini əlavə edən Siedi, bu irəlləyişin iki ölkə üçün çox əhəmiyyətli olduğunu söyləyib.
Həmçinin, Siedi İraq sərhədində Türkiyə üçün təhlükə yaradan ünsürlərin olmaması üçün ciddi səy göstərdiklərini vurğulayıb.