Bakı,TurkicWorld:
Türkiyə kosmosa müstəqil çıxışı olan ölkə olacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 illik milli kosmos proqramımızı bütün dünyaya açıqladı və Türkiyə qarşısında çox mühüm və iddialı hədəflər qoydu. Biz peyk proqramları hazırlayarkən kosmosa müstəqil çıxış əldə etmək üçün raket proqramları da həyata keçiririk. Türkiyə qarşıdakı illərdə beynəlxalq əməkdaşlıq yolu ilə kosmodromun pay sahibi olacaq. Bu yolla kosmosa müstəqil şəkildə daxil ola bilən bir ölkə olacağıq. Hazırda hibrid raket mühərrikləri texnologiyası üzrə dünyanın ilk dörd ölkəsi arasındayıq. Ay Proqramını həyata keçirdiyimiz zaman, kosmosda bu texnologiyaya tarix gətirən ilk ölkə olacağıq və bu nailiyyət Türkiyəyə orbitlər arası peyk köçürmələri kimi çətin kosmos missiyalarını yerinə yetirə bilən kosmos vasitələri inkişaf etdirməyə imkan verəcək", - deyə o vurğulayıb.
Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.
Məlumat üçün bildirək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandası, Dragon kapsulu ilə 9 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.