THY Rolls Royce və Airbus ilə üçtərəfli müqavilə bağlamağa hazırlaşır

THY Rolls Royce və Airbus ilə üçtərəfli müqavilə bağlamağa hazırlaşır

Bakı. TurkicWorld:

Ötən il 350 təyyarə sifariş edən Türk Hava Yolları (THY) ümumi dəyəri 70 milyard dollar olan bu sifarişin əhəmiyyətli hissəsini Türkiyədə istehsal etmək üçün Rolls Royce və Airbus ilə üçtərəfli müqavilə bağlamağa hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə THY İdarə Heyətinin sədri Ahmet Bolat açıqlayıb.

"28 aprel tarixində Türkiyə və Böyük Britaniyanın ticarət, sənaye və texnologiya, xəzinə və maliyyə nazirlərinin iştirak edəcəyi imzalanma mərasiminə mülki aviasiya sektorunda istehsalla məşğul olan 30-a yaxın türk şirkətini dəvət etdik. Bu müqavilə ilə türk şirkətləri üçün 20 milyard dollarlıq iş imkanı yaradacağıq", - deyə o vurğulayıb.

Məlumata əsasən, TAİ, TUSAŞ və HAVELSAN kimi ictimai şirkətlər də daxil olmaqla bir sıra şirkətlər Airbus və Rolls Royce üçün təyyarə hissələri istehsal edəcək.

"THY, Airbus və Rolls Royce arasında üçtərəfli komitə yaradılacaq. Koordinator THY olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türk Hava Yolları (THY) 2023-cü ildə 83,4 milyon sərnişin daşıyaraq rekord göstəriciyə çatıb.

X: Lamanasadli01