Son dəqiqə

Türkiyə Fələstin İsrail Qəzza

İsrailin bu dəfə həddindən artıq güc tətbiq etməsi bütün hədləri aşıb - Türkiyə XİN

Bakı. TurkicWorld:

İsrailin bu dəfə həddindən artıq güc tətbiq etməsi bütün hədləri aşıb.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

"Adətən münaqişə olanda başqa ölkələr sülh və həll yolu açmaq üçün atəşkəs tələb edirlər. Təəssüf ki, bəzi ölkələr Qəzzada bunu etmədilər və İsraili ruhlandırdılar. Biz tezliklə atəşkəsin əldə olunmasını istəyirik. Biz regional dövlətik, regionda münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən dövlətik. Regionumuzda artıq kifayət qədər münaqişələr var. Problemin həlli aydındır; iki dövlət. Sərhədlər əslində BMT-nin qərarı ilə müəyyən edilir, amma ümid edirəm ki, onlar danışıqlar yolu ilə müəyyən olunacaq",- deyə o bildirib.

Qəzzada qarşıdurmalara son qoymaq üçün danışıqların davam etdiyini deyən Yıldız, birinci prioritetin atəşkəs olduğunu vurğulayıb.

"Atəşkəs, girov mübadiləsi, mülki və əsir mübadiləsi danışıqlar masasına qayıdışla baş verə bilər. Burada böyük səylər region ölkələrinin üzərinə düşür. Region ölkələri Təmas Qrupu yaradıblar bu məsələ ilə bağlı, səkkiz nazirdən ibarət və nazir Hakan Fidan da onun üzvüdür",- deyə Əhməd Yıldız əlavə edib.

Qeyd edək ki, 26 fevral tarixində Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Haaqada Türkiyə XİN adından təqdimatda çıxış edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Mövzuya görə xəbərlər