Bakı. TurkicWorld:
Misir prezidenti Əbdülfəttah əs-Sisi aprel və ya mayda Türkiyəyə rəsmi səfər edəcək.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə və Misir regionun iki mühüm ölkəsidir. 12 il idi əlaqəmizi kəsmişdik. Dünya çempionatı zamanı Qətər əmiri Şeyx Təmimin müdaxiləsi ilə orada bir araya gəldik və normallaşma prosesinə başladıq. Misirə bu səfər, cənab Sisinin təkidli dəvəti ilə baş tutdu. Mən onlara təklif etdim ki, bizim Yüksək Səviyyəli Strateji Şuranın iclası keçirilsin və bu addım atılsın. Onlar da bunu qəbul etdilər. Xarici işlər nazirlərimiz təmaslarını davam etdirəcəklər",- deyə o qeyd edib.
Ərdoğan bildirib ki, bizim Misirlə həm mədəni, həm də tarixi baxımdan köklü əlaqələrimiz var. Biz Misirlə təkcə eyni tarixi deyil, eyni dənizi paylaşırıq və o dənizin qlobal tənlikdəki əhəmiyyəti günü-gündən artır. Digər tərəfdən, xarici siyasət qarşılıqlı maraqlar əsasında qurulur və bu əsasda idarə olunur. Ona görə də, şübhəsiz ki, birgə və eyni istiqamətdə sinxron addımlar atmaq iki ölkənin maraqlarına uyğundur.
"Biz də, Misir tərəfi də bu reallığın fərqindəyik və yeni dövr bu möhkəm təməl üzərində qurulur. Qarşıda bizi çox kritik sınaqlar gözləyir və biz bilmirik ki, gələcəkdə dünyanı hansı gözlənilməz və çətin proseslər gözləyir. Ona görə də həm bölgəmizdə, həm də dünyada sülh və əmin-amanlığı qorumaq üçün bundan sonra bir yerdə olmalıyıq. Qarşıda bizi hər iki ölkəni inkişaf etdirəcək əməkdaşlıq sahələri var və yeri gələndə addımlar atılacaq",- deyə Türkiyə prezidenti əlavə edib.