Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8-ci Fövqəladə İslam Zirvə Toplantısında iştirak etmək üçün sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.
Zirvə toplantısı çərçivəsində İslam dünyasının nümayəndələri, işğal altında olan Fələstin torpaqları, xüsusilə Qəzza və Fələstin xalqına qarşı hücumları müzakirə edəcək və baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar.
Məlumatda qeyd olunub ki, Ərdoğan Səudiyyə Ərəbistanında liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 328 nəfərə çatıb.
Hafiz Rufizoğlu






