Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyə enerji donanmasına yeni gəmi əlavə edəcək - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Strateji yeri və dənizdəki güclü enerji donanması ilə kəşfiyyat-qazma və təchizat təhlükəsizliyi imkanlarını artıran Türkiyə enerji donanmasına yeni gəmi əlavə edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

"Biz donanmamıza istehsal gəmisini əlavə etməyi hədəfləyirik. O, platformada deyil, dəniz səthində yerləşdiriləcək. Gəmi Sinqapurdan alınacaq. Türkiyə önümüzdəki dövrdə təkcə öz dənizlərində deyil, Liviya, Afrika kimi bölgələrdə də müxtəlif razılaşmalar edərək gəmiləri ilə qaz axtara biləcək. Donanma kifayət deyilsə, yeni gəmilər alına bilər. Türkiyə FSRU sayına görə dünyada 3-cü yerdədir. Braziliya 6 FSRU ilə birinci, İndoneziya 5 FSRU ilə ikinci, Türkiyə və Almaniya hər biri üç FSRU ilə üçüncü yerdədir. Türkiyədəki FSRU-lar ümumi qazlaşdırma qabiliyyətinə görə dünyada birinci yerdədir. FSRU obyektləri inkişaf etdirdiyi infrastruktur layihələri ilə təbii qazda tədarük təhlükəsizliyini artırmaq üçün strateji addımlar atan Türkiyə üçün əsas investisiyalar arasındadır",- deyə nazir bildirib.

Alparslan Bayraktar qeyd edib ki, 2016-cı ildə İzmirdə ilk FSRU terminalını istifadəyə verən Türkiyənin BOTAŞ, Dörtyol FSRU və Saros FSRU tərəfindən idarə olunan daha iki obyekti var. Müxtəlif mənbələrdən və ölkələrdən dəniz yolu ilə gətirilən LNG, gəmidən gəmiyə daşınma yolu ilə bu FSRU-larda saxlanılır və lazım gəldikdə yenidən qazlaşdırılaraq əsas ötürücü xəttə verilir. Boru kəmərlərindən asılı olmadan qaz tədarükünü təmin edən və təchizatın çevikliyinə töhfə verən FSRU terminallarının bir çox ölkələrdə saxlama və qazlaşdırma həlli kimi uzun illər mühüm qalacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin ilk qaz anbarı olan Silivri Təbii Qaz Anbarı Layihəsi 4,6 milyard kubmetr tutuma çatıb. Avropanın ən böyük anbarı olan Silivri Təbii Qaz Anbarı Türkiyədə fasiləsiz enerji təmin etmək üçün böyük əhəmiyyətə malikdir.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər