Türkiyə ilə Naxçıvan arasındakı dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb (ÖZƏL)

Türkiyə ilə Naxçıvan arasındakı dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Qars-Naxçıvan dəmir yolu 5 il ərzində istifadəyə veriləcək.

TurkicWorld-a bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur nazirliyindən bildirilib.

“Qars-Naxçıvan Dəmiryolu Layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu layihəsi 224 kilometr uzunluğunda olacaq. Elektrik və siqnallı qoşa xətt kimi layihələndirilən layihədə beş stansiya olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək",- deyə nazirlikdən verilən açıqlamada bildirilib.

Nazirlikdən verilən açıqlamada o da qeyd olunub ki, sözügedən layihənin həyata keçirilməsi ilə şərq-qərb oxunda səfər müddətini qısaltmaqla, daşıma qabiliyyətini artırmaqla və alternativ enerjidən istifadə etməklə iqtisadi nəqliyyat imkanları təmin ediləcək. Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Layihəsi ölkəmizi və təbii ki, bütün Avropanı Naxçıvan vasitəsilə İran, Azərbaycan, Türkmənistan və Pakistana birləşdirəcək.

"Qars-Iğdır-Aralık-Dilucu Dəmiryolu Layihəsinin həyata keçirilməsi ilə London-Pekin dəmir yolu əlaqəsi, Van Gölü istifadə edilmədən yeni bir fasiləsiz alternativə sahib olacaq. Londondan Çinə qədər uzanacaq “Dəmir İpək Yolu” istehsalın birbaşa istehlak mərkəzlərinə daşınmasını təmin edəcək. Son illərdə dünya ticarətinin yenidən formalaşması ilə Türkiyə alternativ yolları və güclü geosiyasi mövqeyi ilə Mərkəzi Asiya və Qafqaza açılan ticarət və logistika körpüsü olacaq. Türkiyənin Avropa ilə Avrasiya arasında logistika sektorunda söz sahibi olmasına və tranzit daşımalarda payını artırmasına imkan verəcək",- deyə Nazirlikdən verilən açıqlamada vurğulanıb.

Qeyd edək ki, 25 Sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.