Bakı. TurkicWorld:
Türkiyə üçün bu Əlcəzair Afrikaya, Əlcəzair üçün isə Türkiyə Orta Asiyaya və türk cümhuriyyətlərinə açılan əhəmiyyətli bir qapı olacaq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Əlcəzairə etdiyi rəsmi səfəri zamanı deyib.
"Görüşlərimiz çox məhsuldar keçdi. Bu görüşlərlə iki ölkə arasında əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atdıq. Əlcəzair tərəfi ilə infrastruktur sərmayələri, dəniz strukturları, balıqçılıq, aviasiya və kommunikasiya ilə bağlı atılacaq ortaq addımları müzakirə etdik. İki ölkə rəsmiləri arasında səfərlər daha da artacaq və ilin sonuna qədər çoxlu görüşlər baş tutacaq. İki ölkə arasında balıqçılıq və gəmiqayırma sahəsində ortaq bir işçi qrupu yaratmaq qərarına gəldik. Türkiyədən Əlcəzairə müvafiq nazirliklərdən ibarət bir heyət göndərəcəyik və başladığımız işlərə davam edəcəyik",- deyə Uraloğlu bildirib.
Abdulkadir Uraloğlu qeyd edib ki, Türkiyə Pekindən başlayan və Londona qədər uzanan orta dəhlizdə yerləşir. Orta dəhlizlə bağlı ciddi işlərlə yanaşı, Fav limanından Habur və Ovaköyə qədər uzanan inkişaf yolu üzərində də işə başlayacağıq.
Hazırda Əlcəzairdə şimal-cənub və şərq-qərb istiqamətində uzanan 6 min kilometrlik dəmir yolu layihəsinin olduğuna diqqət çəkən Uraloğlu, Əlcəzair limanlarının sayının artırılması ilə bağlı Əlcəzair rəsmiləri ilə də görüşdüklərini də ifadə edib.
Digər tərəfdən, Əlcəzairin Suvarma və Əsas Təsisatlar naziri Rahruh, nazir Uraloğlu ilə birlikdə Türkiyə-Əlcəzair iş adamları forumuna qatıldıqlarını xatırladıb və bu görüşlərin çox məhsuldar keçdiyini bildirib.
"Həmkarım Uraloğlu ilə iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə çıxarılması imkanlarını müzakirə etdik, iqtisadi və siyasi əlaqələri tarixi əlaqələr çərçivəsində daha da irəli aparacağımızı vurğuladıq. Türk şirkətləri Əlcəzairdə ən böyük xarici sərmayəçidir və Türkiyənin Əlcəzairə investisiyaları daha da artacaq. Əlcəzair çox böyük layihələrin reallaşma mərhələsindədir və türk şirkətlərinin Əlcəzair bazarına girməsi onların regional bazara çıxmasına yol açacaq",- deyə Rahruh əlavə edib.
Xatırladaq ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 21-22 sentyabr tarixlərində Əlcəzairə rəsmi səfər edib.