Bakı. TurkicWorld:
Türkiyənin ticarət naziri Ömət Bolatla Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında görüş keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat öz rəsmi sosial media hesabında bildirib.
Ö.Bolat onu da qeyd edib ki, Türkiyə Aİ-nin, xüsusən də iş adamları üçün viza proseslərini asanlaşdırmağa başlayacaq konkret proqramından razıdır.
"Görüş zamanı Gömrük İttifaqının yenilənməsi prosesi ilə bağlı danışıqlara başlamaq üçün ümumi müzakirə mövzularımızı, Aİ ilə birgə layihələrimizi, xüsusilə yaşıl transformasiya və bu sahələrdə Aİ ilə maliyyələşmə sahəsində əməkdaşlığımızı müzakirə etdik. Oktyabr ayında Ticarət İşçi Qrupunun iclaslarında texniki işlərə başlanacaq. Türkiyənin ən böyük ticarət tərəfdaşı olan Aİ ilə ticari və iqtisadi əməkdaşlığı qarşılıqlı addımlarla daha yüksək səviyyələrə daşıyacağıq", - deyə nazir Bolat əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı rəsmisi Oliver Varhelyi Aİ ilə Türkiyə arasında əməkdaşlıq danışıqları üçün bu gün Ankaraya səfər edib.
Ləman Əsədli
Twitter: lamanasadli01







