Son dəqiqə

Murat Akan

Türk dünyasının yüksəlişinə Azərbaycan və Türkiyə başçılıq edir – Murat Akan (ÖZƏL)

Bakı. TurkicWorld:

Türk dünyasının yüksəlişinə Azərbaycan və Türkiyə başçılıq edir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli yazıçı-jurnalist Murat Akan deyib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasından sonra ilk səfərini qardaş ölkə Azərbaycana etməsi önəmlidir. Son illər iki ölkə arasındaki münasibətlərin yüksək səviyyədə inkişafının nəticəsidir ki, Türkiyə dövlət rəsmiləri və vətəndaşları Azərbaycanı Türkiyənin ayrılmaz hissəsi kimi görür. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə prezidenti cənab Ərdoğanın şəxsi dostluğu iki dövlət arasında münasibətlərin daha strateji xarakter daşımasında ən mühüm amildir”, - deyə o əlavə edib.

M.Akan onu da bildirib ki, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının yaradılmasında və genişlənməsində böyük səylər göstərib.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təkcə qardaşlıq səviyyəsində deyil, belə ki, bu iki dövlət arasında ticarət və müdafiə sənayesində mühüm addımlar atılıb. Xüsusilə, 44 günlük Qarabağ müharibəsində göstərilən həmrəylik türk dövlətlərində ciddi özünəinam yaratdı. Türkiyə və Azərbaycanın Pilotsuz Uçuş Aparatları (PUA) və dron istehsalı ilə bağlı birgə layihəsi türk düşmənlərində qorxu yaradıb”, - deyə türkiyəli jurnalist vurğulayıb.
O hesab edir ki, Azərbaycan enerji sahəsində aparıcı ölkədir, ona görə də Türkiyə ilə birlikdə enerji və müdafiə sənayesində ciddi layihələr hazırlayaraq türk dünyasında böyük yeniliklər yarada bilərlər.

“Rəcəb Tayyib Ərdoğanın ikinci dövlət səfərini Azərbaycana etməsi Orta Asiya türk coğrafiyasını yenidən ayağa qaldırmaq üçün atılan addımdır. İki qardaş ölkə arasındaki əməkdaşlıq türk dünyasına böyük töhfələr verəcək”, - deyə M.Akan vurğulayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edib.

Ləman Əsədli

Twitter: @Lamanasadli01

Mövzuya görə xəbərlər