Türk dilinin BMT-nin rəsmi dili olması üçün bir çox səbəblər var – Murat Akan (ÖZƏL)

Türk dilinin BMT-nin rəsmi dili olması üçün bir çox səbəblər var – Murat Akan (ÖZƏL)

Bakı, TurkicWorld:

Türk dilinin Birləşmiş Millətlər Təşkilatının rəsmi dili olması Türk dünyası üçün önəmlidir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli yazıçı-jurnalist Murat Akan deyib.

“Türk dilinin BMT-nin rəsmi dili olması üçün bir çox səbəblər var. Avropada əhalinin gündən-günə azaldığı halda, bu gün dünyada təxminən 300 milyon türk yaşayır. Bundan əlavə, türkdilli dövlətlərin geosiyasi mövqeləri, onların əhəmiyyətli enerji yataqlarına malik olmaları və ildən-ilə inkişaf edən sənayeləşmə sürəti qlobal siyasətdə özünü daha qabarıq göstərir”, - deyə o vurğulayıb.

M.Akanın sözlərinə görə, BMT kimi beynəlxalq qurumda bu qərarın qəbul edilməsi elə də asan deyil, lakin Türk dövlətləri arasında sosial, iqtisadi və geosiyasi münasibətlərin inkişafı davam edərsə, bu, mümkündür.

“2018-ci ildə keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 6-cı Zirvə Toplantısında türk dilinin BMT rəsmi dilləri sırasında olması üçün kampaniyaya başlamaq qərara alınıb. Bundan sonra Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan türk dilinin BMT-nin rəsmi dillərindən birinə çevrilməsi üçün BMT-yə üzv dövlətlərlə müxtəlif görüşlər keçirib. Çünki türk dilinin Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən birinə çevrilməsi üçün bu məsələ ilə bağlı qətnamə layihəsi hazırlanmalı və BMT Baş Assambleyası tərəfindən qəbul edilməlidir ”, - deyə o bildirib.

Türkiyəli jurnalist hesab edir ki, bu məsələ ilə bağlı Türk dünyasının qarşısında uzun bir yol var və bunun üçün güclü lobbiçilik tələb edilir.

Qeyd edək ki, hazırda çin, ərəb, fransız, rus, ingilis, ispan dilləri BMT-nin rəsmi dilləridir.

Ləman Əsədli
Lamanasadli01