TDT Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib

TDT Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Bu gün Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür.

TurkicWorld xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatı (TDT) öz rəsmi X sosial media hesabında bildirib.

"Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə hücumu zamanı baş verib. Hücumda həyatını itirənlərin xatirəsini ehtiramla yad edir və qardaş Azərbaycan xalqına və hökumətinə dəstəyimizi bir daha vurğulayırıq", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

X: Lamanasadli01