Şuşa, TurkicWorld
COP29-da xüsusən iqlim maliyyələşdirməsi ilə bağlı vacib qərarlar qəbul ediləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmaz bildirib.
"Xüsusən iqlim maliyyələşdirməsi ilə bağlı mühüm qərarlaın qəbul ediləcəyi bu konfransa hazırlıq prosesi çərçivəsində bir çox istiqamət üzrə sıx əməkdaşlıq və dəstəyimizi davam etdirəcəyik.
Bu konfransın Azərbaycanda keçirilməsi regional əməkdaşlıq nöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın Türk Dövlətləri Təşkilatının təşəbbüsünün konfransa daxil edilməsi və ya birgə paralel tədbirin təşkilinə dair təklifini alqışlayırıq", - o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.