Bu gün Azərbaycanda "Neftçilər günü"dür

Bu gün Azərbaycanda "Neftçilər günü"dür

Bakı. TurkicWorld:

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır.

İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi, 12 dekabr 1994-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cü il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

Ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” “Delta Nimir”) təşkil olunub.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını öz üzərinə götürüb.

AÇG yatağının işlənməsinin uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir.

Bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 29-cu ildönümü qeyd edilir. İndiyədək AÇG-yə 43 milyard dollardan çox sərmayə qoyulub. Bundan sonra da bir o qədər investisiyanın xərclənməsi nəzərdə tutulur.

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqları hesabına əldə olunur.

Aytac Süleymanova

Twitter: a_alieva_