Bakı. TurkicWorld:
Türkiyədə 1930-cu illərdəki iqtisadi böhranın təsiri ilə ordunun təyyarə ehtiyacı xalqın və varlı iş adamlarının ianələri ilə qarşılanıb. Bu məqsədlə ianə kampaniyaları təşkil olunub. Türk Hava Qurumu rəsmiləri iş adamlarından yardım toplayıblar. Dövrün ən məşhur iş adamlarından olan Nuri Demirağ, ianə üçün yanına gələn məmurlara: “Bu millət üçün bir şey istəyirsənsə, ən yaxşısını istəməlisən. Mən bu təyyarələrin fabrikini tikməyə hazıram”,- deyib.
Nuri Demirağ öz planları və layihələri ilə Türkiyənin yerli təyyarəsinin istehsalının tərəfdarı idi. O, 100% türk istehsalı olan bir təyyarə hazırlamağın labüdlüyünü düşünüb.
"Avropadan və Amerikadan lisenziya almaq sadəcə var olanı təkrarlamaqdır. Yeni icad edilənlər isə sirr kimi, böyük qısqanclıqla saxlanılır. Belə olan halda, Avropa və Amerikanın ən son sistem stereotiplərinə cavab olaraq, yeni bir türk təyyarəsi meydana gətirilməlidir”,- deyə Nuri Demirağ vurğulayıb.
Bu məqsədlə Demirağ, İstanbul - Beşiktaşda emalatxana kimi istifadə etmək üçün bir bina inşa etdirib. Orijinal fabrik isə Sivas Divriğində qurulmalı idi. Dəmirağ, indiki Atatürk Hava Limanının yerləşdiyi Yeşilköydəki Elmas Paşa fermasını da alaraq, burada aerodrom, təyyarə təmiri sexi və anqarlar tikdirib.
Nuri Demirağ Türkiyənin ilk təyyarə mühəndislərindən biri olan Səlahəddin Alan ilə birlikdə çalışıb. Araşdırmalar qısa müddətdə öz nəticəsini verməyə başlayıb. Türkiyənin ilk tək mühərrikli təyyarəsi, dizaynı Səlahəddin Alana məxsus olan ND-36, Beşiktaşdakı zavodda istehsal edilib. Həmin günlərdə Türkiyə Hava Qurumu 10 təlim təyyarəsi sifariş edib. Bu sifarişlər hazırlanarkən bir sərnişin təyyarəsi də hazırlanıb. 1938-ci ilə qədər iki mühərrikli, 6 nəfərlik yerli sərnişin təyyarəsi olan NuD38-in hazırlanması uğurla başa çatıb. Bu o demək idi ki, Türkiyə artıq öz təyyarəsini istehsal edib.
İstehsal edilən təyyarə İstanbulda sınaq uçuşlarından uğurla keçib. Bu təyyarələrlə minlərlə saatlıq uçuş həyata keçirilib və heç bir fasilə olmayıb. Beynəlxalq aviasiya təşkilatlarından klass sərnişin təyyarəsi sertifikatı alınıb. Beləliklə, hər şey uğurla davam etdirilib. Lakin Türkiyə Hava Qurumu İstanbuldakı uçuşları kafi hesab etməyib və sınaq uçuşlarının yenidən Əskişəhərdə həyata keçirilməsinin lazım olduğunu bildirib.
Təyyarənin plan və layihəsini hazırlayan mühəndis Səlahəddin Alan, sınaq uçuşunu özü etmək istəyib. Ancaq bu tələb həm onun, həm də türk təyyarəsinin sonunu gətirib. Sınaq uçuşu uğurla başa çatırdı ki, eniş zamanı qəza baş verib. Səlahəddin Alan uçuş-enmə zolağına enərkən arxada qazılmış xəndəkləri görmədiyi üçün xəndəyə çırpılıb, beləliklə həm təyyarə qəzaya uğrayıb, həm də özü dünyasını dəyişib. Təyyarə pilotların səhvi ucbatından qəzaya uğrasa da, Türkiyə Hava Qurumu əvvəlki sifarişlərini ləğv edib. Nuri Demirağ Türkiyə Hava Qurumunu məhkəməyə verib. Ancaq oradan çıxan qərar da Dəmirağa qarşı olub.
Nuri Demirağ, o zamankı Türkiyə prezidenti İsmət İnönüyə sınaq uçuşlarının yenidən edilməsini tələb edən bir neçə məktub yazsa da, müsbət cavab ala bilməyib. İsmət İnönü isə Nuri Demirağı pula hərislikdə ittiham etməyə başlayıb. Bütün bu hadisələrdən sonra Türkiyənin ilk təyyarə istehsalı macərası sona çatıb.
Nuri Demirağın istehsal etdiyi təyyarələrin satılmaması fabrikin bağlanmasına səbəb olub. Bundan başqa, Yeşilköydə aldığı Elmas fermasının, yəni tikintisinə başladığı hava limanının ərazisinin kvadrat metri bir sent yarımdan dövlət tərəfindən müsadirə edilib, onun da yarım qəpiyi vergi kimi götürülüb.