Bakı. TurkicWorld:
İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan orqanizmin birləşdirici toxumalarına aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir.
2005-ci ilin mayında Cenevrədə keçirilən Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib. Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.
Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir.
Hər il dünyada təxminən 112 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 15 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.
Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür. Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması bu sahədə başlıca hədəflərdən biridir.