Bakı. TurkicWorld:
Bu gün Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edir. Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi həkk olub.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illər ərzində xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.
Bu gün müasirləşmə tendensiyası Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminat yaxşılaşdırılıb, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.