Zaqreb şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə musiqili tədbir keçirilib

Zaqreb şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə musiqili tədbir keçirilib

Bakı. TurkicWorld:

Cari ilin 2 may tarixində Azərbaycanın Xorvatiyadakı Səfirliyi tərəfindən Zaqreb şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə musiqili tədbir keçirilmişdir.

Azərbaycanın Xorvatiyadakı Səfirliyindən TurkicWorld-a verilən məlumata görə, tədbirdə, Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamentinin üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Xorvatiya Ali təhsil müəssisələrinin rəhbərləri, Xorvatiyada yaşayan Azərbaycanlılar, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Anar İmanov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolundan danışaraq, onun müdrik siyasəti və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını həyata keçirməyə, müasir və güclü Azərbaycan dövləti qurmağa və xalqımızın müstəqillik arzularını gerçəkləşdirməyə nail olduğunu bildirmişdir. Səfir, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanılmasındakı rolu haqda danışaraq, onun tariximizin çətin dövründə hakimiyyətə gəldiyini, müstəqilliyimizi xilas etdiyini bildirmişdir. Daha sonra səfir, Ulu Öndərin həm sovet ittifaqı, həm də müstəqillik illərində müstəsna xidmətlərini qeyd edərək, onun tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında qüdrətli dövlətə çevrildiyini və beynəlxalq aləmdə layiqli yer tutduğunu diqqətə çatdırmışdır. Səfir Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu vurğulamışdır.

Diplomat, Heydər Əliyevin siyasi kursunun onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdrildiyini bildirərək, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 2020-ci ildə öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, bu böyük qələbənin məhz Ulu Öndər Heydər Əliyevin zamanında atılmış mühüm addımların nəticəsində əldə etməyin mümkün olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən Xorvatiyanın sabiq Prezidenti İvo Josipoviç, Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə edərək, onun hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda, milli və mənəvi dəyərlərə, adət-ənənələrə xüsusi önəm verdiyini, öz xalqı üçün misilsiz xidmətlər göstərdiyini, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin müstəsna rolu olduğunu qeyd etmişdir. İ. Josipoviç, 90-cı illərdə Azərbaycanın keçdiyi çətin dövrdən söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Xorvatiya Xarici və Avropa İşləri Nazirinin müavini Frano Matuşiç, Heydər Əliyevin dünya səviyyəli ictimai-siyasi xadim olduğunu, onun rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulduğunu diqqətə çatdırmışdır. F. Matuşiç, Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 28 il əvvəl, 1995-ci il yanvarın 26-da, Prezident Heydər Əliyevin dövründə qurulduğunu, bunun ikitərəfli münasibətlərin və strateji tərəfdaşlığın uğurlu başlanğıcı olduğunu vurğulamışdır. O, Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycanın bu gün beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini qeyd edərək, Heydər Əliyevin böyük dövlət xadimi kimi firavan və inkişaf edən Azərbaycanın əsasını qoyduğunu bildirmişdir. O, çıxışında ölkəsinin Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlara sevindiyini vurğulamışdır.

Tədbir zamanı, İsfar Sarabski kvarteti tərəfindən Azərbaycanın məşhur bəstəkarlarının əsərləri ifa edilmiş, Ulu Öndərin həyatını və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilmişdir.