“Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü şəhid övladları ilə görüşüb

“Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü şəhid övladları ilə görüşüb

Bakı. TurkicWorld

“Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, “Taç Spor” klubunun İdarə Heyətinin rəhbəri Ural Aküzüm Vətən Müharibəsində şəhid olmuş Fərid Dursunovun övladları Ömər və İsa Dursunovla görüşüb. TurkicWorld-un məlumatına görə, bu barədə Aküzüm öz rəsmi tvitter səhifəsində yazıb.

“Bu gün #Qarabağ şəhidimiz #FeritDursunovun oğulları Ömər İsa ilə görüşdüm.

Onlar @PlayStationTR Qalatasaray oldular, mən Qarabağ.” –deyə Aküzüm tvitter hesabında qeyd edib.

Qeyd edək ki, dünən Türkiyənin “Qalatasaray” klubu Ağdamın “Qarabağ” klubu ilə xeyriyyə oyunu keçirmək üçün Bakıya gəlib.

İstanbul təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk ölkəmizə 23 futbolçu ilə gəlib. Heyətdə Atakan Ordu, Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Abdulkerim Bardakçı, Arda Deniz Yavaş, Ali Yeşilyurt, Berkan Aksoy, Lukas Torreyra, Fredrik Midtşö, Yunus Akgün, Nikolo Zanyolo, Berkan Kutlu, Serjiu Oliveyra, Yusuf Demir, Caner Doğan, Xuan Mata, Bafetimbi Qomis, Beknaz Almazbekov, Baran Demiroğlu və Mauro İkardi yer alıblar.

Martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Qeyd edək ki, “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, Azərbaycan əsilli Ural Aküzüm ata tərəfdən Şuşa şəhərinin tanınmış şəxslərindən olan Hacı Əhməd Aküzümün, ana tərəfdən isə general Səməd bəy Mehmandarovun nəslindən olan hakim Tahir Mehmandarlının nəvəsidir.