Bakıda Batut gimnastikası üzrə dünya kubokuna start verildi

Bakıda Batut gimnastikası üzrə dünya kubokuna start verildi

Bakı. TurkicWorld:

Bakıda Batut gimnastikası üzrə dünya kubokuna start verilib.

TurkicWorld xəbər verir ki, dünya kubokunun açılışını Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov elan edib.

O çıxışında bildirib:

"Əziz idmançılar,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar!

Sizi Bakıda salamlamağımıza çox şadıq!

Batut gimnastiksı üzrə Dünya kuboku Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur. Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etdirilməyə başlayan batut gimnastikasında son 10 il ərzində yüksək uğurlar əldə edilibdir. 2019, 2021, 2022-ci illərdə keçirilmiş dünya yaş qrupları yarışlarında, eləcə də 2016, 2018, 2021 və 2022-ci illərdə təşkil edilmiş Avropa çempionatlarında Azərbaycan idmançılarının qazandıqları uğurlar dediklərimizin bariz nümunəsidir.

Fürsətdən istifadə edib, əldə olunan nailiyyətlərə və ümumiyyətlə, idmanın inkişafına göstərdikləri xüsusi diqqətə və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan dünya kubokunda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edəcəkdir.

Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayırıq.

Batut gimnastikası üzrə dünya kuboku açıq elan olunur!".

Xatırladaq ki, 18-19 fevral tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Yarışlarda 16 ölkədən 63 gimnastın çıxış edəcəyi gözlənilir. İdmançılar fərdi və sinxron proqramlarda çıxış edəcəklər.