MÜSİAD

MÜSİAD Azərbaycanda Zəfər Gününə həsr olunmuş tədbir keçirib

Bakı,TurkicWorld

Şəhid ailələrinin iştirakı ilə baş tutan proqramda Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Arca Turganer, Türkiyənin Azərbaycandakı Səfirliyinin diplomatları, Türkiyənin müxtəlif dövlət qurumlarının nümayəndələri,MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri, dərnəyin üzvləri, eləcə də Gənc MÜSİAD Azərbaycan nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Proqram çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyin rəhbəri xanım Ufuk Arca Turganer, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatoru Mahmut Ağırman, Türkiyənin Azərbaycandakı Səfirliyinin ticarət üzrə baş müşaviri Nevzat Bozkurt, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, MÜSİAD Azərbaycan Sənaye Siyasətləri və İnvestisiya Komissiyasının sədri Saleh Abdullayev, eləcə də şəhid Teymur Abbasovun anası Başxanım Abbasova çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqı üçün əhəmiyyəti, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı və onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyi vurğulanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərilən fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd olunub.

Həmçinin Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinə toxunularaq, Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin əhəmiyyəti diqqətə çatdırılıb. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərin iki ölkə arasında birlik və həmrəyliyin ən bariz nümunələrindən biri olduğu ifadə edilib.

Tədbirdə şəhid ailələrinə göstərilən diqqət və qayğının, onların daim yanında olmağın və şəhidlərimizin bizə əmanət etdiyi dəyərləri gələcək nəsillərə ötürməyin mənəvi məsuliyyət olduğu vurğulanıb.

Proqram şəhid ailələri və qonaqlar arasında səmimi ünsiyyət, birlik və həmrəylik şəraitində davam edib.

Mövzuya görə xəbərlər