Xaçmaz Xaçmaz Rayon İcra Hakimiyyəti Elnur Rzayev

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ağyazı Buduq kəndində sakinlərlə görüşüb

BAKI,TurkicWorld

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Ağyazı Buduq kəndində səyyar qəbul keçirib.

Qəbulda Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ağyazı Buduq, Hacıəlibəy, Bayoba və Suxtalaqışlaq kəndlərinin, eləcə də Arzu qəsəbəsinin sakinləri iştirak ediblər.

Tədbirdən əvvəl rayon rəhbərliyi Ağyazı Buduq kəndindən olan şəhid Əlibala Ələskər oğlu Zəkəryəyevin büstü önünə gül dəstələri düzüb. Şəhid Əlibala Zəkəryəyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbulda çıxış edən sakinlər əvvəlki görüşlərdə qaldırılan bəzi məsələlərin müsbət həllinə görə minnətdarlıqlarını bildirib, həmçinin məktəb binasının təmiri, çaylarda sahilbərkitmə işlərinin aparılması və yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülüb.

Mövzuya görə xəbərlər