Bakı,TurkicWorld
Xaçmaz rayonunun Susayqışlaq kəndində "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ağacəkmə aksiyası təşkil edilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilat rəhbərləri həmçinin kənd sakinləri iştirak edib. Ekoloji tədbir zamanı yol kənarlarına yerli iqlim şəraitinə uyğun şam və müxtəlif növ meyvə ağacları əkilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Susayqışlaq kəndində yeni salınan intensiv meyvə bağlarına baxış keçirib.
Qeyd edilib ki, yerli sahibkar Səməndər Yunusova məxsus yeni intensiv meyvə bağı 3 hektara yaxın ərazini əhatə edir. Damlama üsulu ilə suvarılacaq bağda növbəti illər üçün müxtəlif alma sortlarının yetişdirilməsi planlaşdırılıb.
Elnur Rzayev bağ sahibi ilə həmsöhbət olub, onun müraciət və təkliflərini dinləyib. Xaçmaz rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri və yeni iş yerlərinin yaradılması istiqamətində tövsiyələrini verib.
Bağ sahibi göstərilən dövlət dəstəyinə və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.







