BAKI,TurkicWorld
"28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti bu gündən müvəqqəti dayandırılıb.
Qərar Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti işlərinə başlanılması ilə əlaqədardır. Tikinti mərhələsinin təxminən 10–11 ay davam edəcəyi gözlənilir.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" əsasında həyata keçirilir.
Qırmızı və Yaşıl xətlərin ayrılması nəticəsində xətlər arasındakı mövcud asılılığın aradan qaldırılması, stansiyalarda sərnişin sıxlığının azaldılması, qatarlararası intervalın minimuma endirilməsi və metroda hərəkətin daha dayanıqlı təşkili nəzərdə tutulur.
Hazırda "28 May" stansiyasının platformasından müxtəlif istiqamətlərə hərəkət edən sərnişinlər birgə istifadə edir. Xüsusilə pik saatlarda bu vəziyyət platformada normadan artıq sıxlıq yaradır və sərnişinlərin qatarlara minib-düşməsini çətinləşdirir.
İşlər başa çatdıqdan sonra "İçərişəhər" istiqamətində hərəkət edən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedən sərnişinlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər.
Bundan əlavə, "28 May" ilə "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək ikinci sərnişin pilləkəninin tikintisi də yekunlaşmaq üzrədir. Bu keçidin istifadəyə verilməsi sərnişinlərin iki stansiya arasında daha rahat və sürətli hərəkətinə şərait yaradacaq.
Metroda hərəkətin dayandırılması fonunda sərnişin axınının bir hissəsinin avtobus nəqliyyatına yönələcəyi nəzərə alınaraq əlavə tədbirlər də görülüb. AYNA tərəfindən avqustun 14-dən 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib.
Ekspres marşrutlar:
M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;
M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;
M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;
M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;
M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;
M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərir.
Bununla yanaşı, 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli 20 müntəzəm avtobus marşrutunda nəqliyyat vasitələrinin sayı artırılıb.
Avtobus marşrutları ilə bağlı digər dəyişiklik isə "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli marşrutlara aiddir. Avqustun 15-dən həmin marşrutların son dayanacaqları dəyişdirilib və Səməd Vurğun bağının ətrafında təşkil olunub.
Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində yerləşdirilib.
