BAKI,TurkicWorld
ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ və Türkiyə arasında 2026-cı il futbol üzrə dünya çempionatı matçına həsr olunmuş tədbir təşkil edib.
"USA–Türkiye World Cup Watch Party" adlı tədbir Bakıda yerləşən "Landmark III" kompleksinin 22-ci mərtəbəsində keçirilib.
ABŞ səfirliyi tərəfindən dəvət olunmuş qonaqlar səhər yeməyi zamanı dünya çempionatının qrup mərhələsi matçını qrup şəklində izləmək üçün toplaşıblar.
Tədbirdə çıxış edən ABŞ-nin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Mark Hernandez idmanın, xüsusən də futbolun sərhədlər, mədəniyyətlər və dillər arasında insanları birləşdirmək üçün unikal bir qabiliyyətə malik olduğunu qeyd edib.
"İdmanı, xüsusən də futbolu bu qədər heyrətamiz edən şeylərdən biri də onun sərhədlər, mədəniyyətlər və dillər arasında insanları bir araya gətirmək qabiliyyətidir", - deyə səfirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, azarkeşlərin hansı komandaya azarkeşlik etməsindən asılı olmayaraq, onların hamısını rəqabət sevgisi, komanda işi və ədalətli oyun birləşdirir.
"Dünya çempionatı, xüsusilə də mənim üçün dünyada ən sevimli idman tədbirlərindən biridir", – deyə Ernandes bildirib.
O, dünya futbolu tarixinin bir sıra yaddaqalan məqamlarını xatırladıb: Roberto Baccionun 1994-cü il dünya çempionatının finalında penaltilər seriyasında topu qapı dirəyinin üstündən vurmasını, Fransaya səfəri zamanı Zinəddin Zidanın ev sahibi komandanı 1998-ci il dünya çempionatında qələbəyə aparmasını izləməsini, 2014-cü ildə ABŞ millisinin leysan yağışı altında Belçikaya məğlub olmasının şahidi olmasını, həmçinin Lionel Messi ilə Kilian Mbappe arasında keçirilən 2022-ci il dünya çempionatının finalını xatırladaraq, onu dünya çempionatları tarixinin ən möhtəşəm finalı adlandırıb.
Ernandesin sözlərinə görə, ABŞ qarşıdan gələn iri beynəlxalq yarışlar ərəfəsində idman təşəbbüslərindən istifadə etməyə davam edir və eyni zamanda gələn həftə ölkənin 250 illik yubileyinin qeyd olunmasına hazırlaşır.
"Beynəlxalq əlaqələri və insanlar arasında təmasları möhkəmləndirmək üçün idmandan bir platforma kimi istifadə etdiyimizə görə qürur duyuruq", – deyə o vurğulayıb.
Ernandes qeyd edib ki, Bakının 2026-cı il üçün Dünya İdman Paytaxtı elan edilməsi idmanın gəncləri ruhlandırmaq, cəmiyyətləri birləşdirmək və əməkdaşlıq üçün yeni imkanlar yaratmaq gücünü nümayiş etdirir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Antoni Trankina jurnalistlərə verdiyi açıqlamada 2026-cı il dünya çempionatının tarixin ən mürəkkəb idman tədbiri olduğunu vurğulayıb.
O qeyd edib ki, hazırkı turnir tarixin ən mürəkkəb idman tədbiridir: oyunlar üç ev sahibi ölkənin 20 şəhərində keçiriləcək.
"ABŞ bu ilki dünya çempionatında ev sahibliyi edən üç ölkədən biri olmaqdan, dünyanı qarşılamaqdan və Amerika qonaqpərvərliyini və ABŞ-nin idmandakı nailiyyətlərini nümayiş etdirməkdən məmnundur", - deyə səfirlik nümayəndəsi bildirib.
A. Trankinanın sözlərinə görə, Azərbaycan həm də beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdə dünyanın aparıcı ölkələrindən biri kimi tanınır.
"ABŞ və Azərbaycan dünya səviyyəli idman tədbirlərinə ev sahibliyi edən ölkələr arasında olmaqdan qürur duyurlar", - deyə o qeyd edib.
Səfirliyin baxışı təşkil etmək üçün niyə ABŞ-Türkiyə matçını seçdiyi soruşulduqda, Trankina bunun Azərbaycanda Türkiyə milli komandasına güclü dəstək olması ilə bağlı olduğunu qeyd edib.
"Düşünürəm ki, Azərbaycanda Türkiyə komandasına böyük rəğbət var, ona görə də biz ABŞ-Türkiyə matçını seçdik ki, Azərbaycanlı dostlarımızı və Bakı idman ictimaiyyətini qəbul edək", - deyə o bildirib.
A. Trankina əlavə edib ki, səfirlik də bu matçı turnirin ən maraqlı oyunlarından biri hesab edir.
FİFA-nın məlumatına görə, bu matç ABŞ və Türkiyə milli komandaları arasında dünya çempionatında ilk qarşılaşma olub
