Son dəqiqə

Hümmət Əliyev Quba 1 saylı Mediasiya Təşkilatı Hüquq Bələdçisi hüquqşünas mediator

Mediasiya hüquqi maarifləndirmənin mühüm aləti sayıla bilərmi?

BAKI,TurkicWorld Orxan Qədirzadə

TurkicWorld-un təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev Mediasiya VƏ hüquqi maarifləndirmə barədə mühüm məqamlara aydınlıq gətirib.

- Mediasiya hüquqi maarifləndirmənin bir alətidirmi?

Bəli, mediasiya yalnız mübahisələrin alternativ həlli mexanizmi deyil, eyni zamanda hüquqi maarifləndirmənin mühüm alətlərindən biridir. Çünki mediasiya prosesində tərəflər öz hüquq və vəzifələri barədə daha ətraflı məlumat əldə edir, qanunvericiliyin onlara verdiyi imkanları anlayır və hüquqi münasibətlərə daha məsuliyyətli yanaşmağa başlayırlar.

Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu mediasiyanın könüllülük, bərabərlik, qərəzsizlik və məxfilik prinsiplərinə əsaslandığını müəyyən edir. Bu prinsiplər vətəndaşların hüquqi mədəniyyətinin formalaşmasına da müsbət təsir göstərir. Praktikada görürük ki, mediasiya prosesindən keçən şəxslər gələcəkdə hüquqi problemləri məhkəməyə çatdırmadan dialoq yolu ilə həll etməyə daha meylli olurlar. Bu isə həm hüquqi düşüncə tərzini inkişaf etdirir, həm də cəmiyyətdə barış və qarşılıqlı anlaşma mədəniyyətini gücləndirir.

- Cəmiyyət mediasiya haqqında haradan məlumat almalıdır?

Cəmiyyət mediasiya barədə məlumatı bir neçə əsas mənbədən əldə etməlidir. İlk növbədə dövlət qurumlarının rəsmi məlumatlandırma fəaliyyəti burada xüsusi rol oynayır. Ədliyyə Nazirliyi, Mediasiya Şurası, Mediasiya Təşkilatlar və digər aidiyyəti qurumlar vətəndaşlara mediasiyanın üstünlükləri, tətbiq sahələri və prosedurları barədə davamlı məlumat verməlidirlər.

Bundan əlavə, ali təhsil müəssisələri, məktəblər və hüquqi maarifləndirmə layihələri vasitəsilə mediasiya mədəniyyəti erkən yaşlardan təşviq edilməlidir. Hüquq klinikaları, vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları da bu istiqamətdə mühüm töhfə verə bilərlər. Rəqəmsal platformalar və sosial media da artıq əsas informasiya mənbələrindən biridir. İnsanlar qısa və anlaşıqlı videolar, ekspert müsahibələri və real praktik nümunələr vasitəsilə mediasiyanın mahiyyətini daha rahat qavraya bilirlər. Əsas məsələ məlumatın hüquqi baxımdan düzgün və sadə formada təqdim edilməsidir.

- Hüquqi savadlılıq mediasiyanın effektivliyini artırırmı?

Şübhəsiz ki, hüquqi savadlılıq mediasiyanın effektivliyini birbaşa artırır. Hüquqlarını və hüquqi nəticələri anlayan tərəflər mediasiya prosesində daha konstruktiv davranır, emosional yanaşmadan daha çox hüquqi və praktik həll yollarına üstünlük verirlər. Hüquqi savadlılıq tərəflərə mediasiyanın məhkəmə prosesindən fərqini, onun üstünlüklərini və əldə edilən razılaşmanın hüquqi nəticələrini düzgün qiymətləndirməyə imkan yaradır. Belə olduqda tərəflər kompromisə daha açıq olur və əldə edilən razılaşmalar daha dayanıqlı xarakter daşıyır. Azərbaycan təcrübəsində də müşahidə olunur ki, hüquqi məlumatlılığı yüksək olan şəxslər mediasiyaya daha çox etibar edir və prosesi vaxt itkisi kimi deyil, effektiv həll yolu kimi qiymətləndirirlər.

- Dövlətin maarifləndirmədə rolu nədir?

Dövlətin rolu bu sahədə strateji əhəmiyyət daşıyır. Çünki hüquqi maarifləndirmə sistemli dövlət siyasəti olmadan geniş ictimai təsir yarada bilməz. Dövlət mediasiya institutunun təşviqi üçün həm normativ-hüquqi baza formalaşdırır, həm də vətəndaşların məlumatlandırılması istiqamətində davamlı tədbirlər həyata keçirir.
Azərbaycanda mediasiya institutunun inkişafı istiqamətində son illərdə mühüm addımlar atılıb. “Mediasiya haqqında” Qanunun qəbul olunması, mediasiya təşkilatlarının fəaliyyətə başlaması və bəzi mübahisələr üzrə ilkin mediasiya mərhələsinin tətbiqi bu sahədə mühüm yeniliklərdir. Bununla yanaşı, dövlət televiziya proqramları, ictimai kampaniyalar, regionlarda maarifləndirici görüşlər və elektron informasiya resursları vasitəsilə mediasiya barədə ictimai məlumatlılığı daha da artırmalıdır. Xüsusilə regionlarda hüquqi maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi vacibdir.

- Media bu sahəyə necə töhfə verə bilər?

Media mediasiya mədəniyyətinin formalaşmasında çox güclü təsir vasitəsidir. Televiziya, xəbər portalları, radio və sosial media platformaları vasitəsilə cəmiyyətə mediasiyanın üstünlükləri sadə və anlaşıqlı dildə çatdırıla bilər. Ən vacib məsələlərdən biri mediasiyanın yalnız hüquqi prosedur kimi deyil, həm də sosial barış və ünsiyyət mədəniyyəti kimi təqdim olunmasıdır. Media real uğurlu mediasiya nümunələrini ictimailəşdirməklə insanlarda bu instituta etimadı artıra bilər. Ekspert müsahibələri, hüquqi maarifləndirici verilişlər, podkastlar və analitik yazılar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, media sensasiya xarakterli münaqişələri qabartmaq əvəzinə, dialoq və barış nümunələrini ön plana çıxarsa, bu, cəmiyyətin hüquqi və sosial düşüncəsinə müsbət təsir göstərər. Nəticə etibarilə, mediasiya yalnız hüquqi mexanizm deyil, həm də hüquqi mədəniyyətin və ictimai harmoniyanın inkişafına xidmət edən mühüm sosial institutdur.

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,

"İlqaroğlu" Business Center, II mərtəbə.

Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44

E/ünvan: [email protected]

Mövzuya görə xəbərlər