BAKI, TurkicWorld
Siyasi varisliyin Azərbaycan təcrübəsi və Heydər Əliyev faktoru:
Sabitlik, İnkişaf və Zəfər fəlsəfəsinin düsturu
Proloq əvəzi
Azərbaycanın dövlətçilik tarixinin inkişafının obyektiv qanunlarının dərk edilməsi müasir və ya bizə yaxın dövrün tarixi ilə yanaşı, həmçinin, uzaq keçmişin tarixini dərindən öyrənməyi tələb edir.
Əcdadların adət və ənənələrini yaşatmaq və gələcək nəslə ötürmək, habelə dövlət idarəçiliyinə konseptual yanaşmaq vacib əhəmiyyət kəsb edir.
Bəllidir ki, öz tarixi keçmişini bilməyən və ona söykənməyən dövlətin gələcəyi və xalqın yüksəlişi mümkünsüzdü.
Dövlətçilikdə xalqın keçmiş tarixinin məşhur obrazları, böyük şəxsiyyətlərin quruculuq missiyası milli şüurun təsdiqləməsində mühüm amildir.
Azərbaycan dövlətçilik tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, dövlətin inkişafının varislik mövqeyindən öyrənilməsi tarixi gerçəkliyə – milli məsələlərə dolğun baxışın və dövlətçilik şüurunun formalaşdırılmasına imkan verir.
Öz Kontitusiyasında müəyyən edilmiş ərazisində dövlət hakimiyyətnin aliliyini və suverenliyini bərqərar etmiş Azərbaycanın yeni doktrinası dövlətçilik şüurunu dərinləşdirmək və bunu genekoda daşımaqdır.
Bu isə mövcud reallıqda Tarixi Qələbəyə sahib çıxmaq, tarixi şəxsiyyəti qiymətləndirərək bunu qazanan liderə minnətdarlıq ifadə etmək – “bütöv vətənin atası” prinsipi ilə yanaşmaqdır.
Tarixi və yeni Azərbaycan
Tarix azərbaycan xalqının ənənələrə dayanan dövlətçilik fəlsəfəsinin, “hakimiyyət mikrofizikası”nınhaqqını verdi. 21-ci əsrdə dünya xəritəsinə baxın: inqilablar, çevrilişlər, vətəndaş müharibələri, dağılan dövlətlər... Gürcüstan, Ukrayna, Qırğızıstan, Ərəb dünyası, Sudan...
Hamısının ortaq dərdi bir oldu: hakimiyyət varisliyi böhranı. Amma bir ölkə var ki, 30 ildə nəinki dağılmadı, əksinə, xaosdan qüdrətə, işğaldan zəfərə, yoxsulluqdan rifaha yol getdi. O ölkə Azərbaycandır. Bəs sirr nədədir? Cavab aydındır: Ümummilli Lider Heydər Əliyevin tarixi ənənələrə və dövlətçilik təcrübəsinə dayanan uzaqgörənliyi və Prezident İlham Əliyevin qətiyyəti ilə formalaşan müdrik siyasi varislik modeli. Bu, təkcə bir soyadın yox, bir millətin taleyini müəyyənləşdirən düsturdur.
Dünya siyasət tarixi bir həqiqəti dəfələrlə sınaqdan keçirib: dövlətləri ayaqda tutan, inkişafına zəmin olan təkcə dövlətçilik fəlsəfəsində “Yaradılış kitabı” statusu daşıyan konstitusiya deyil, davamlılıqdır.
İsbatı tarix kitablarında çoxdan möhürlənib. Roma imperiyasını Mark Avreli-Kommod hakimiyyət tranziti yıxdı. Osmanlı 36 padşahla 600 il yaşadı, çünki “sülalə-intizam-varislik” üçbucağını qorudu. XXI əsrdə isə “inqilab idxalı” erasında varislik böhranı dövlətin süqutu deməkdir. Ukrayna, Liviya, Sudan təcrübəsi bunun əyani sübutudur.
Azərbaycan bu qlobal xaosda fərqləndi. Çünki bizdə varislik 3000 illik dövlətçilik ənənəsinin müasir proeksiyasıdır. Bu ənənəyə yaşam statusu qazandıran Ümummilli lider Heydər Əliyev, onun Zəfərə aparan davamçısı isə Prezident İlham Əliyevdir.
Varislik Azərbaycan dövlətçiliyinin genetik kodudur
Dünya təcrübəsi göstərir ki, dövlətlərin davamlı inkişafı yalnız institusional gücə deyil, həm də tarixi ənənələrə söykənən idarəetmə mədəniyyətinə əsaslanır. Azərbaycanda dövlətçilik tarixində varislik institutu hər zaman məhz bu ənənəvi davamlılığın əsas mexanizmlərindən biri kimi çıxış edib.
Azərbaycan xalqının identikliyini - milli kimliyini ehtiva edən əsas faktorlardan biri də siyasi varislik prinsipidir.
Sacilər – 898-941. İlk mərkəzləşmiş Azərbaycan dövləti. IX əsrdə Əbu Sac Divdad tərəfindən əsası qoyulan Sacilər dövləti onun varisləri Məhəmməd ibn Əbu Sac və Yusif ibn Əbu Sac dövründə daha da möhkəmlənmiş, regional güc mərkəzinə çevrilmişdir. Bu, hakimiyyətin yalnız ötürülməsi deyil, eləcə də siyasi xəttin inkişaf etdirilməsi nümunəsi idi. Bu nümunədə hakimiyyətin ötürülməsi ilə bərabər “dəmir intizam” xətti də ötürüldü. Nəticədə 60 il sabitlik oldu.
Atabəylər – 1136-1225. XII əsrdə Şəmsəddin Eldəniz tərəfindən qurulan dövlət onun oğulları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan hakimiyyəti dövründə ən qüdrətli mərhələsinə çatdı. Həmədəndan Tiflisədək vahid iqtisadi məkan yaradıldı. Varislər atanın kölgəsi olmadı, işini davam etdirdilər. Cahan Pəhləvan 20 ildə dövlətin ərazisini dəfələrlə böyütdü.
Səfəvilər – 1501-1736. XVI əsrdə I Şah İsmayıl tərəfindən yaradılan Səfəvi dövləti isə varisliyin strateji əhəmiyyətini daha parlaq nümayiş etdirdi. Onun varisi I Şah Təhmasib uzunmüddətli hakimiyyəti dövründə mərkəzləşmiş dövlət quruculuğunu tamamladı, siyasi gedişləri ilə osmanlı təhlükəsini neytrallaşdırdı, dövləti regional imperiya səviyyəsinə yüksəltdi. Bu tarixi təcrübədən çıxan dərs odur ki, güclü qurucu liderin güclü varisi olanda dövlət dayanıqlı olur, varislik zənciri qırılan yerdə isə dövlət çökür.
Beləliklə, tarixi təcrübə göstərir ki, Azərbaycanda varislik yalnız hakimiyyətin ötürülməsi deyil, eyni zamanda strateji dövlətçilik xəttinin davam və inkişaf etdirilməsi vasitəsi olub. Yəni, Azərbaycanda varislik heç zaman “taxt davası” olmayıb. Varislik bir dövlətçilik məktəbidir və atadan oğula keçən “qılınc” yox, “dövlətçilik təfəkkürü”, “idarəetmə fəlsəfəsi”, “strateji xətt”dir.
Bu genetik kodu XXI əsrdə Heydər Əliyev yenidən işlək mexanizmə çevirdi. Müasir Azərbaycan dövlətçiliyində varislik institutu yeni məzmun qazanaraq institusional və strateji xarakter aldı.
XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası ilə yaranmış siyasi qeyri-sabitlik şəraitində güclü liderlik və davamlı idarəetmə modelinə ehtiyac yarandı. XX əsrin 90-cı illəri. SSRİ dağılıb.
Azərbaycan xəritədə var, amma dövlət kimi taleyi qaranlıqdır: vətəndaş müharibəsi, 1 milyon qaçqın və məcburi köçkün, boş xəzinə, torpaqların 20 faizi işğal altında. Bu xaosda millət bir adın, bir şəxsiyyətin kölgəsinə sığındı: Heydər Əliyev. Ulu Öndər Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinə ikinci şans və yeni nəfəs verdi: müharibəni dayandırdı, müasir Azərbaycanın bünövrəsini qoydu və inkişaf startegiyasının konturlarını cızdı, “Əsrin müqaviləsi” ilə ölkənin adını dünyanın enerji xəritəsinə yazdı, gələcək nəsillər üçün sığorta rolunu oynayacaq Dövlət Neft Fondunu yaratdı, balanslı xarici siyasətin örnək təcrübəsini formalaşdırdı. Ancaq Ulu Öndərin ən böyük xidməti dövləti şəxsiyyətə bağlı olmaqdan qurtarıb sistemə bağlaması oldu. O qurduğu dövlətin əbədi olması üçün dayanıqlı zəmin formalaşdırdı. Heydər Əliyev yalnız böhranı aradan qaldıran lider deyil, həm də davamlı dövlətçilik modelinin müəllifi kimi çıxış etdi. Bunun üçün “Mən əbəbdi deyiləm. Dövlət əbədi olmalıdır” prizmasından çıxış edərək, 1993-cü ildən başlayaraq gələcəyin liderini hazırladı. Bu, emosional “ata-oğul” məsələsi deyildi, strateji dövlət qərarı idi. Ulu Öndər bir həqiqəti hamıdan yaxşı bilirdi: “Dövlət şəxslərdən asılı olmamalıdır. Sabahı da düşünmək lazımdır.”
Məhz buna görə 1993-dən etibarən gələcəyi qurmağa başladı.
2003-cü il... Ümummilli Liderin səhhəti ilə bağlı narahat xəbərlər gəlirdi. Düşmənlərimiz sevinirdi: “Əliyev getsə, Azərbaycan dağılacaq”. Qərb mətbuatı “varislik böhranı” proqnozlarını verirdi.
Milli məqsədləri olmayan müxalifət meydanlara çıxıb “hakimiyyətin sonu” şüarını qışqırırdı. Amma onlar bu proqnoz və ssenarilərin iflasını gətirəcək vacib nüansı hesaba almamışdılar: Heydər Əliyev məktəbini. Ulu Öndər illər öncədən yetişdirdiyi, xalqa tanıtdığı, dövlət idarəçiliyinin bütün pillələrindən keçirdiyi lideri – İlham Əliyevi xalqa əmanət etdi. Qeyd etmək lazımdır ki, post-sovet məkanında siyasi varislik müxtəlif formalarda həyata keçirilib. Bu ölkələrin əksəriyyətində proses qeyri-sabitlik və siyasi böhranla müşayiət olunub.
Azərbaycanda müşahidə edilən idarə olunan və mərhələli keçid əsasən əvəz olunan və əvəzləyən siyasi liderlərn strateji planlaşdırma qabiliyyəti ilə izah olunur.
Heydər Əliyevin varis seçimini şərtləndirən beş tarixi arqumentə diqqət yetirək. Tarix bu seçimin kökündə birmənalı şəkildə dövlətçilik səriştəsinin olduğunu təsdiqlədi. Heydər Əliyev kimi geniş dünyagörüşünə malik liderin unikal idarə olunan hakimiyyət tranziti modeli əslində qlobal miqyasda yeni “siyasi varislik və milli təhlükəsizlik” indeksinin yaranması üçün əsas verir və 5 sütuna dayanır.
“Real şəraitdə sınaq” prinsipi – 10 illik təcrübə:
1994-cü ildə Milli Məclisin deputatı, 1997 - SOCAR-ın Birinci vitse-prezidenti, 2001 - AŞPA-da nümayəndə heyətinin rəhbəri, 2001 - YAP sədrinin müavini, 2003 - Baş nazir. Dünya təcrübəsində Li Kuan Yu oğlu Li Syan Lunu 20 il nazir müavini, nazir, baş nazirin müavini vəzifələrində sınadı. Nəticə etibarilə “Sinqapur möcüzəsi”ni o davam etdirdi.
Heydər Əliyev siyasəti daha az vaxta və daha nəzərəçarpan dinamika ilə daha miqyaslı hədəflərə çatdı.
“Beynəlxalq legitimlik testi”. 1997-2003-cü illərdə İlham Əliyev SOCAR-da “Əsrin müqaviləsi”ni icra edən əsas fiqur oldu. Dünyanın enerji nəhəngləri ilə danışıqlar masasında oturdu. AŞPA tribunasından Azərbaycanın səsini dünyaya çatdırdı, Azərbaycan həqiqətlərini tirajladı. 2003-cü ildə o, artıq dünya siyasi elitasının qəbul etdiyi, ciddi siyasi “netvork”a malik tanınmış fiqur idi. Bu tanınmışlıq olmasaydı, neft kontraktlarının, investisiyaların aqibəti bəlli olmazdı.
“Siyasi elita konsensusu” amili. 2003-cü ildə həm köhnə qvardiya, həm də yeni texnokratlar İlham Əliyevin ətrafında birləşdi. Çünki hamı əmin idi ki, o, “kadr qırğını” etməyəcək, dövlətin gələcəyi və siyasi, iqtisadi, hərbi prioritetləri naminə sabitliyi qoruyacaq. Bu, vətəndaş müharibəsinin qarşısını aldı.
“İdeoloji davamlılıq” zərurəti. Heydər Əliyevin 3 qırmızı xətti vardı: müstəqillik, ərazi bütövlüyü və dünyəvi dövlət. Bu xətti ancaq onun məktəbini keçən, onunla çiyin-çiyinə çalışan, dövlətçilik ideologiyasının daşıyıcısı olan varis davam etdirə bilərdi. 90-cı illərin əvvəlindəki kimi qonşular və Qərblə düşmənçilik siyasəti dövləti ikinci dəfə uçuruma sürükləyə, başladılan islahatları yarıçıq qoya bilərdi.
“Tarixi missiya” faktoru-Qarabağ. Dahi Öndər bilirdi ki, Qarabağı qaytarmaq üçün uzunmüddətli hazırlıq planı şərtdir: ordu quruculuğu, iqtisadiyyat, diplomatiya, informasiya müharibəsi. Bu plan yarımçıq qala bilməzdi. İlham Əliyev 2003-cü ildə ərazi bütövlüyünü qoruyacağına and içdi, 2020, 2023-cü illərdə sözünü tutdu. Azərbaycanda varislik “mənfəət” üçün yox, “Vətən” üçün oldu. Müqayisə üçün: Ukraynada 2004-də “Narıncı inqilab”, 2014-də “Maydan”, nəticədə – müharibə, torpaq itkisi.
Gürcüstanda 2003-də “Qızılgül inqilabı”, nəticədə – 2008-ci il müharibəsi, Abxaziya və Osetiya itirildi. Qırğızıstanda 3 inqilab, nəticədə – xaos.
Azərbaycanda isə: Varislik – Sabitlik – İnkişaf – Zəfər.
Gəlinən ən vacib qənaət ondan ibarətdir ki, Heydər Əliyevin seçimi “ata sevgisi”ndən yox , “dövlət ağlı”ndan irəli gəlirdi. Tarix onu haqlı çıxardı. Düzgün lider seçiminin nəticəsi olaraq, Azərbaycanda İlham Əliyev erası Zəfər fəlsəfəsinin taclanması ilə tarixə həkk oldu.
İlham Əliyev Heydər Əliyev strategiyasını taktikaya çevirdi
15 oktyabr 2003-cü il. Milyonlarla azərbaycanlı məntəqələrə axışdı və öz gələcəyini seçdi: 76.8% səslə İlham Əliyev! Bu, “təyinat” deyildi. Bu, “sülalə oyunu” deyildi. Bu, milyonların şüurlu seçimi idi. Çünki xalq bilirdi: İlham Əliyev Heydər Əliyev siyasi kursunun yeganə layiqli davamçısıdır. 2003, 2008, 2013, 2018, 2024 – xalq 5 dəfə İlham Əliyevə “HƏ” dedi. Ən son seçkidə 92.12%! Nəticə? 2003-2025-ci illərdə Azərbaycan iqtisadiyyatı 3.6 dəfə böyüyüb və regional ticarət və qeyri-neft sahələrinə doğru transformasiya edib, ÜDM orta hesabla 6,9 faiz, adambaşına ÜDM 2,9 dəfə artıb. “Güclü dövlət – güclü ordu” xətti davam etdirilib, ərazi bütövlüyü tam bərpa olunub. Qaçqınlar ölkəsindən Qoşulmama Hərəkatının sədrliyinə, qlobal tədbirlərə ev sahibliyinə, regional liderliyə keçid təmin olunub. Bütün sadalananlar varisliyin Azərbaycan modelinin yalnız formal yox, funksional effektivliyinin təsdiqidir. Dövlətin strateji qərarvermə qabiliyyəti, milli birliyin təmin olunması və hərbi-siyasi koordinasiya bu modelin praktik nəticələri kimi qiymətləndirilə bilər. Əgər 2003-cü ildə varislik böhranı olsaydı, heç şübhəsiz, ordu yox, iqtisadiyyat yox, Zəfər də mümkünsüz idi.
Bu baxımdan Azərbaycanda gələcək perspektiv üçün varislik artıq fəlsəfədir. 2016-cı il referendumundan sonra Azərbaycanda varislik modeli şəxsi mərhələdən institusional mərhələyə keçib. Əslində Birinci vitse-prezident postu bu modelin və dövlətin gələcəyinin konstitusion sığortasıdır. Artıq institusional dərinləşmə və rəqəmsal dövlət strategiyası varislik qərarlarının şəxsi intuisiyadan elmi alqoritmə keçidinin göstəricisidir. Görünən odur ki, sabahın qərarlarını alqoritmlər də dəstəkləyəcək və subyektiv səhv sıfırlanacaq. Yeni varislik “kim gələ bilər” sualı ilə deyil, hansı sistem işləyəcək sualı ilə müşaiyət olunacaq. Heydər Əliyev bu sistemi qurdu, İlham Əliyev Zəfər və iqtisadi, siyasi sıçrayışlarla taclandırdı. Növbəti nəsil isə uğura hədəflənən bu sistemi rəqəmsal eraya daşıyacaq. Azərbaycan dövlətçiliyində varislik modeli gələcək inkişaf baxımından bir neçə əsas istiqamətdə əhəmiyyət kəsb edir:
İnstitusional dərinləşmə – idarəetmədə şəffaflıq və effektivliyin artırılması;
İnsan kapitalının inkişafı – peşəkar dövlət qulluğu sisteminin gücləndirilməsi;
Milli təhlükəsizlik və dayanıqlılıq – dəyişən qlobal mühitə adaptasiya;
İnnovativ idarəetmə – rəqəmsal dövlət və smart idarəçilik modelinə keçid.
Bu kontekstdə varislik artıq yalnız siyasi liderlik deyil, həm də idarəetmə fəlsəfəsinin davamlılığı kimi çıxış edir.
Beləliklə, Azərbaycan gerçıkliyində varislik keçmişin mirası, gələcəyin zəmanətidir. Sacilərdən Atabəylərə, Səfəvilərdən müasir Azərbaycana – Azərbaycan dövlətçiliyinin bir qırmızı xətti var:
güclü lider üstəgəl müdrik varislik bərabərdir əbədi dövlət. 2003-cü ildə bu xətt qırılsa idi, Azərbaycanın adı bəlkə də ancaq tarix xəritələrində keçəcəkdi. Bu səbəbdən siyasi varislik Azərbaycan üçün “avtoritarizm əlaməti” deyil, dövlətçilik elmidir. Və əslində, Heydər Əliyev – İlham Əliyev varisliyi millətin qurtuluş reseptidir. Dünyaya günəş kimi doğan Azərbaycan möcüzəsinin davamlılığı üçün bu ənənənin davam etdirilməsi şərtdir. Dünyada müasir dönəmdə neçə ölkə varislik məsələsini bu qədər şəffaf və hüquqi həll edib? Ölkədə siyasi mədəniyyətin göstəricisi olan bu model niyə Azərbaycanındır və niyə qorunmalıdır?
Çünki bu model 3 imtahandan keçib:
Zamanın imtahanı: 21 il sabitlik.
Müharibə imtahanı: 44 gündə tarixi Zəfər.
Xalqın imtahanı: 5 seçki, hər gün artan etimad.
Bu gün bəzi “ekspertlər”in sayıqlamalarına ən tutarlı cavab: “Gəlin, nəticəyə baxaq”.
1993-cü ildə dağılan dövlət bu gün Cənubi Qafqazın lideridir.
XX əsrin sonunda yenicə yaradılmağa başlayan ordu bu gün dünyanın 50 ən güclü ordusundan biridir.
1993-cü ildə işğal altında olan Qarabağ bu gün azaddır, Xankəndidə həyat qaynayır.
Azərbaycan xalqı yuxarıda da qeyd etdiyimiz kimi, tarixə dayanaraq Tanrının müdriklik bəxş etdiyi bir xalqdır. O, 1993-də, 2003-də, 2024-də düzgün seçim etdi. Çünki dəqiq müəyyən etdi ki, məsələ şəxslər deyil, milli xüsusdur. Yəni, VƏTƏN, DÖVLƏT, BAYRAQ məsələsidir.
Heydər Əliyev yolu – İlham Əliyev qətiyyəti-məqsədəyönlüstrategiya. Bu, üçlük Azərbaycanı 21-ci əsrin qalib dövlətinə çevirdi. Bu yol azad Qarabağa gedən yol, bu yol Zəfərə gedən yoldur, bu yol əbədi müstəqilliyə gedən yoldur. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, “Dünyaya günəş kimi doğacaq Azərbaycan”ın ən doğru seçimi, sığortalı yoludur. O Günəş 2003-də parladı və sabah da sönməməsi üçün dövlətçilik ənənələrinə sadiqlik şərtdir. Onun gələcək qarantı Heydər Əliyev faktorudur.
Yəhya Babanlı
Tarix üzrə fəlsəfə doktoru






