Son dəqiqə

Qazaxıstan Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almaty Management University (AlmaU) Rektoru ilə görüşüb

BAKI,TurkicWorld

14 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qazaxıstana rəsmi səfəri çərçivəsində Almatı İdarəetmə Universitetinin (AlmaU) rektoru Timur Buldıbayev ilə görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, keçirilən görüş tərəflər arasındakı dialoqun ardıcıl xarakter aldığını nümayiş etdirib və gələcək əməkdaşlıq üçün ilkin zəminin formalaşdırılmasına xidmət edib. Söhbət zamanı təhsil, elm və mədəniyyət istiqamətlərində potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib, xüsusilə türk dünyasının ortaq irsinin araşdırılması və tanıdılması sahəsində ali təhsil müəssisələri ilə mümkün birgə təşəbbüslər müzakirə olunub.

Danışıqlar zamanı professor Aktotı Raimkulova müasir təhsil yanaşmaları ilə mədəni irsin vəhdətinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, akademik mühit gənclərin türk dünyasının zəngin irsinə bağlılığının formalaşmasında mühüm rol oynayır və AlmaU kimi innovativ ali təhsil müəssisələri ilə əməkdaşlıq isə bu irsin dəyərləndirilməsinə yeni imkanlar yaradacaqdır.

Rektor Timur Buldıbayev isə çıxışında Fondun fəaliyyətini yüksək qiymətləndirərək, onun türk dövlətləri arasında mənəvi bağların möhkəmləndirilməsində oynadığı rolu xüsusi vurğulayıb. Universitet olaraq bu irsin elmi şəkildə araşdırılması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində əməkdaşlığa hazır olduqları bildirilib.

Qeyd olunub ki, bu cür görüşlər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və davamlı tərəfdaşlığın qurulması baxımından etibarlı zəmin yaradır.

Mövzuya görə xəbərlər