Son dəqiqə

Finlandiya Diasporla İş üzrə Dövlət Komitəsi

Finlandiyanın ilk qadın prezidenti Azərbaycan Evinin qonağı olub

BAKI,TurkicWorld

Finlandiyanın ilk qadın prezidenti Tarja Halonen Helsinki Azərbaycan Evinin qonağı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilib. Evin rəhbəri Ülviyyə Cabbarova sabiq prezident Tarja Haloneni səmimi qarşılayaraq bu səfərin böyük əhəmiyyət daşıdığını və qürurverici olduğunu bildirib.

Tarja Halonen Azərbaycan haqqında müsbət fikirlərini bölüşərək iki ölkə arasında münasibətlərin inkişafında mədəniyyətin xüsusi rol oynadığını vurğulayıb. Bu əlaqələrin daha da gücləndirilməsi üçün konsert proqramlarının, mədəni tədbirlərin və Azərbaycanın zəngin milli mətbəxinin təqdimatının mühüm vasitə ola biləcəyini qeyd edib.

Görüşdə Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistan üzrə sabiq fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasına (COP29) diqqət çəkib. O, həmin müddətdə Helsinki Azərbaycan Evinin təşəbbüsü ilə görülən işlərin uğurlu nəticələrindən danışıb.

Daha sonra Azərbaycan Evinin müəllimi Sura Ağaverdiyeva Finlandiyada Azərbaycan dilinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, xaricdə yaşayan soydaşlarımız üçün ana dili milli kimliyin əsas dayaqlarından biridir.

Tədbirdə Azərbaycan Evinin fəaliyyəti haqqında videoçarx göstərilib. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, gənc musiqiçi Mona Savojifarın və Helsinki Operasının müşayiətçisi Leyla Hüseynovanın ifasında klassik və milli musiqi nümunələri səsləndirilib. Azərbaycan Evinin nəzdindəki həftəsonu Azərbaycan məktəbinin şagirdlərinin Azərbaycan və fin dillərində ifaları qonaqların zövqünü oxşayıb.

Görüşdə iki ölkənin diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları barədə müzakirələr aparılıb.

Yazıçı və tərcüməçi Tahirə Cəfərovanın Azərbaycan ədəbiyyatından fin dilinə tərcümə etdiyi kitablar, eləcə də Azərbaycan Evinin şagirdlərinin hazırladığı xüsusi əl işləri sabiq prezidentə hədiyyə edilib.

Məlumat üçün bildirək ki, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər