BAKI,TurkicWorld
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin benefisiarları ilə növbəti görüş keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi tərəfindən məlumat verilib.
Özünüməşğulluğun təşviqi və əlavə məşğulluq tədbirləri barədə vətəndaşların məlumatlandırılması məqsədi daşıyan görüşdə Yasamal rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, KOBİA, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, “Məşğulluğa Dəstək Layihəsi” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın nümayəndələri, özünüməşğulluq proqramı benefisiarları iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev özünüməşğulluq proqramının, o cümlədən “Məşğulluğa Dəstək Layihəsi”nin mikro və kiçik sahibkarlığın inkişafına ciddi töhfələr verdiyini bildirib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev “Məşğulluğa Dəstək Layihəsi” barədə məlumat verib. Bildirib ki, uğurlu biznes quran layihə iştirakçıları daha sonra müxtəlif proqramlara cəlb olunmaqla əlavə dəstək imkanlarından yararlanırlar. Onların fəaliyyətinin genişləndirilməsi, maliyyə dayanıqlığının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Görüşdə bildirilib ki, “Məşğulluğa Dəstək Layihəsi” üzrə qurduğu kiçik biznesə işçi qəbul edən benefisiarlar xüsusi güzəştlər əldə edirlər. Belə ki, onların işə qəbul etdikləri işçilərin əməkhaqlarının, habelə bununla bağlı işəgötürən və işçi tərəfindən ödənilməli olan vergi və digər sosial ayırmaların ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənəcək.
Daha sonra çıxış edən benefisiarlar özünüməşğulluq proqramı çərçivəsində öz kiçik bizneslərini tam formalaşdırdıqlarını, hətta genişləndirərək əlavə işçi götürdüklərini, “Əməkhaqqının birgə maliyyələşdirilməsi” mexanizmindən və “Həvəsləndirmə mükafatları” müsabiqəsindən faydalandıqlarını bildiriblər.
Benefisiarlar qeyd edilən layihə və müsabiqəyə müraciət qaydaları barədə məlumatlandırılıblar və onları maraqlandıran suallar cavablandırılıb.







