Son dəqiqə

Hümmət Əliyev Mediasiya Təşkilatı Mediasiya Şurası Quba 1 saylı Mediasiya Təşkilatı Mediasiyada gizlilik Regional mediasiya təşkilatları Mediasiya institutları Mediasiya təlim proqramları Azərbaycanda mediasiya Hüquq və mediasiya mediasiya Quba Mediasiya mediasiya xidmətləri

Hüquq Bələdçisi - Biznes mübahisələrində mediasiya: sürətli, məxfi və etibarlı həll yolu

BAKI,TurkicWorld

TurkicWorld-nın təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib.

“Biznesdə qalib gəlmək təkcə qazanmaq deyil, münasibətləri qorumağı bacarmaqdır.”

Müasir biznes mühitində mübahisələr qaçılmazdır. Tərəfdaşlar, şirkətlər və ya investorlar arasında yaranan fikir ayrılıqları bəzən uzunmüddətli və ciddi problemlərə səbəb ola bilər. Belə hallarda ənənəvi məhkəmə yolları ilə yanaşı, daha çevik və effektiv mexanizmlərə ehtiyac yaranır.

Bu baxımdan mediasiya biznes mübahisələrinin həllində müasir və səmərəli vasitə kimi ön plana çıxır. Mövzu ilə bağlı suallarımızı Mediasiya Şurasının üzvü, Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas–mediator Hümmət Əliyev cavablandırır.

– Biznes mübahisələri niyə mediasiyaya uyğundur?

Biznes mübahisələri çox vaxt tərəflər arasında davam edən əməkdaşlıq münasibətləri fonunda yaranır. Bu baxımdan, münasibətlərin tam pozulması heç bir tərəfin maraqlarına uyğun olmur.

Mediasiya isə tərəflərə qarşıdurma deyil, dialoq yolu ilə həll imkanı yaradır. Bu prosesdə tərəflər öz maraqlarını açıq şəkildə ifadə edir və ortaq məxrəcə gəlmək üçün real imkan əldə edirlər. Bu xüsusiyyət biznes mübahisələrini mediasiya üçün xüsusilə uyğun edir.

– Kommersiya sirri necə qorunur?

Biznes mübahisələrində ən həssas məsələlərdən biri kommersiya sirrinin qorunmasıdır. Mediasiya prosesinin əsas prinsiplərindən biri məxfilikdir və bu prinsip qanunvericiliklə qorunur.
Mediasiya zamanı səsləndirilən məlumatlar, təqdim olunan sənədlər və müzakirələr üçüncü şəxslərə açıqlanmır. Bu isə şirkətlərə öz kommersiya maraqlarını və nüfuzunu qorumaqla mübahisəni həll etmək imkanı verir.

– Vaxt və maliyyət üstünlüyü varmı?

Bəli, mediasiya həm vaxt, həm də maliyyət baxımından əhəmiyyətli üstünlüklərə malikdir. Məhkəmə prosesləri aylarla, bəzən isə illərlə davam edə bildiyi halda, mediasiya daha qısa müddətdə nəticə əldə etməyə imkan verir.

Eyni zamanda, mediasiya xərcləri məhkəmə xərcləri ilə müqayisədə daha azdır. Bu isə xüsusilə biznes subyektləri üçün resursların daha səmərəli istifadəsinə şərait yaradır.

– Mediasiya reputasiyanı qoruyurmu?

Bəli, mediasiyanın ən böyük üstünlüklərindən biri də reputasiyanın qorunmasıdır. Məhkəmə çəkişmələri adətən ictimai xarakter daşıdığı üçün şirkətin nüfuzuna mənfi təsir göstərə bilər.

Mediasiya isə məxfi şəkildə həyata keçirildiyi üçün tərəflər öz imiclərini qoruyaraq mübahisəni həll edə bilirlər. Bu, xüsusilə bazarda etibarın mühüm rol oynadığı biznes mühitində böyük əhəmiyyət daşıyır.

– Beynəlxalq ticarətdə mediasiyanın rolu nədir?

Beynəlxalq ticarətdə mediasiya geniş tətbiq olunan və effektiv nəticələr verən mexanizmlərdən biridir. Müxtəlif ölkələrdən olan tərəflər arasında yaranan mübahisələrdə hüquqi sistem fərqləri əlavə çətinliklər yarada bilər.

Mediasiya isə tərəflərə daha çevik və neytral mühitdə razılığa gəlmək imkanı verir. Bu baxımdan, beynəlxalq biznes münasibətlərində mediasiya həm vaxt itkisinin qarşısını alır, həm də tərəfdaşlıq münasibətlərinin davamlılığını təmin edir.

Biznes mediasiyası müasir iqtisadi münasibətlərin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu mexanizm yalnız mübahisələrin həllinə deyil, həm də tərəflər arasında etimadın qorunmasına və uzunmüddətli əməkdaşlığın davamına xidmət edir.
Mediasiyanın tətbiqi biznes subyektlərinə daha çevik, daha təhlükəsiz və daha səmərəli həll yolu təqdim edir. Bu baxımdan, müasir biznes mühitində mediasiyanın rolu getdikcə daha da artmaqdadır.

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]

Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44

Mövzuya görə xəbərlər