Son dəqiqə

iftar mərasimi

Qarsda soydaşlarımız üçün iftar mərasimi təşkil olunub

BAKI,TurkicWorld

Martın 4-də Qars şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Qars Valiliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

TurkicWorld-in məlumatına görə,iftar mərasimində soydaşlarımızla yanaşı, ictimai birlik və dərnəklərin nümayəndələri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev çıxışında Dövlət Komitəsinin təşəbbüsü ilə ilk dəfə ötən il təşkil edilmiş və artıq ənənə halını alan iftar süfrələrinin Qarsda yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. Z. Əliyev qeyd edib ki, bu cür təşəbbüslər dini-mənəvi dəyərlərin yaşadılmasına və soydaşlarımız arasında birlyin daha da möhkəmlənməsinə xidmət edir.

Qars Bələdiyyəsinin sədri Ötüken Senger Ramazan ayının insanları xeyirxahlıq, mərhəmət və həmrəyliyə çağıran mahiyyətini vurğulayıb, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşdığını qeyd edib.

Qars valisi Ziya Polat çıxışında bildirib ki, Türkiyə və Azərbaycan tarixən olduğu kimi bu gün də birlik nümayiş etdirərək regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir. Bu formatlı tədbirlər iki qardaş ölkə arasındakı həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyətini bir daha aydın şəkildə göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün uzaqgörən siyasi baxışları nəticəsində möhkəm təməl üzərində formalaşıb və gələcək nəsillərə dəyərli irs kimi ötürülüb. Xalqlarımız tarix boyu həm sevincli, həm də çətin günlərdə daim bir-birinin yanında olub. Qeyd edilib ki, bu sarsılmaz birlik və qarşılıqlı etimad Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edən “Bir millət, iki dövlət” prinsipi ilə ən yüksək təzahürünü tapır.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Qars millət vəkili Adem Çalkının iftar mərasimi münasibətilə göndərdiyi məktubda isə Azərbaycan ilə Türkiyəni birləşdirən ortaq tarix və mədəni bağların əhəmiyyəti vurğulanıb. Məktubda Ramazan ayının birlik, həmrəylik və bərəkət rəmzi olduğu qeyd edilib.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisası üzrə II kurs tələbəsi Fəyaz Nəsirzadə tərəfindən Qurani-Kərimdən ayələr tilavət olunub.

Sonda iftar duası edilib və mərasim iştirakçıları birlikdə oruclarını açıblar.

Qeyd edək ki, iftar tədbiri İğdır bölgəsində də davam etdiriləcək.

Mövzuya görə xəbərlər