BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.
Bu gün müsəlmanların dini fəaliyyət göstərən insanlarının bir qismi təəssüf ki, ya həyata enməyən söhbətlər edir, yaxud da qarşılıqlı ittihamlar səsləndirir. Həyata enən məsələlər nədir bəs? Xidmətlərin və malların istehsalı və satışı məsələsidir. Qəribə gəldi eləmi? Nə üçün qəribə gəlsin ki, evi təmirə ehtiyacı olan ustaya ehtiyac duymurmu? Yaxud da ki, bir yerə getmək istəyən taksi istifadə etmirmi? Acan hər hansı isə bir yeməkxana və ya kafedə yemək yemək istəmirmi? Paltara ehtiyacı olan paltar istəmirmi? Həyata enən budur. Məhz bu səbəbdən Uca Rəbbim deyir ki,
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَيْلٌ لِلْمُطَفِّفِينَ
الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ
وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ
Ölçüdə və çəkidə aldadanların vay halına!
Onlar insanlardan ölçüb alanda tam alarlar,
amma ölçəndə və ya çəkəndə əskik verərlər.
Mutaffifin surəsi 1-3
Elə isə bu gün baş alıb gedən dindarların xidmət və mal sektorunda yayılan qüsurları insanlarda dinə qarşı ikraha səbəb olmurmu? Əlbəttə namuslu və dürüst möminlər istisnadır. Allah onlardan razı olsun. Xüsusi ilə qida sektorunda iş görən möminlər yeməkxana, kafelərdə təmizlik və gigiyena qaydalarına maksimum əməl etməli deyildirmi? Məgər heç bu ayəti düşünmədikmi?
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ
Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz nemətlərdən yeyin. Bəqərə 168.
Hər bir dindar öz çevrəsində dürüst və məsuliyyətli və mədəni bir insan olmalı deyilmi? Müsəlman topluluq öz prinsiplərinə sadiq qalaraq dini vacibləri əlbəttə axsatmayaraq dini yüksək bir mədəniyyət tərzi olaraq təqdim etməli deyildirmi?
Əlbəttə etməlidir. Bu bizim borcumuzdur. Allah qarşısında və insanlıq qarşısında. Allah da bunlardan hesab çəkəcək. Allahı tövhid etmək mücərrəd mübahisələrdə deyil, praktiki həyatda olur. İnsanlar və toplumlar mənəvi həkimə ehtiyac duyar. Özünü sağaltmaq iqtidarında olmayanlar cəmiyyəti sağalda bilməz.
