Son dəqiqə

Səudiyyə Ərəbistanı İslam

Breaking Bad-in aktyoru İslam dinini qəbul edib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Məşhur amerikalı aktyor, televiziya tarixinin ən tanınmış ekran obrazlarından biri olan Breaking Bad-də Qas Frinq rolu ilə şöhrət qazanan Cankarlo Esposito İslam dinini qəbul etdi.

Məlumata görə, aktyor Səudiyyə Ərəbistanında olduğu müddətdə kəlmeyi-şəhadət gətirərək müsəlman olub. Bu barədə açıqlamanı Səudiyyə Ərəbistanının Əyləncə İşləri üzrə Baş İdarəsinin rəhbəri Türki Əl-Şeyx verib.

Onun sözlərinə görə, Esposito krallıqda çəkilişlər zamanı kəlmeyi-şəhadət gətirib və daha sonra çəkiliş heyətinin üzvləri ilə birlikdə məsciddə namaz qılıb.

Bildirilir ki, aktyorun bu qərarı Səudiyyə Ərəbistanında keçirdiyi müddət ərzində yaşadığı müsbət təcrübələr və müsəlmanlarla qurduğu ünsiyyət nəticəsində formalaşıb. Türki Əl-Şeyx qeyd edib ki, Esposito çəkiliş prosesi zamanı qarşılaşdığı qonaqpərvərlikdən və yerli insanların münasibətindən məmnunluğunu ifadə edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə aktyorun məsciddə çəkiliş heyətinin digər üzvləri ilə birlikdə namaz qıldığı əks olunub.

Cankarlo Esposito uzun illərdir kino və televiziya sahəsində fəaliyyət göstərir. O, Qas Frinq obrazı ilə yanaşı, “Yaxşısı Budur, Sola Zəng Et”, “Mandaloryalı” və digər məşhur ekran layihələrindəki rolları ilə də tanınır.

Aktyor xüsusilə Qas Frinq obrazına görə beynəlxalq səviyyədə geniş tanınıb və müxtəlif nüfuzlu mükafatlara namizəd göstərilib.

Məlumata əsasən, Esposito hazırda Səudiyyə Ərəbistanında çəkilən “Yeddi İt” adlı layihədə iştirak edir. Bu ekran işi ölkənin əyləncə və kino sənayesinin inkişafı istiqamətində həyata keçirilən iri layihələrdən biri hesab olunur. Səudiyyə Ərəbistanı son illərdə beynəlxalq kino istehsalçılarını və tanınmış sənətçiləri ölkəyə cəlb etmək məqsədilə bu sahəyə yatırımlarını artırır

Mövzuya görə xəbərlər