Son dəqiqə

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı

Kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı 10 faizə yaxınlaşır - Məmməd Musayev

BAKI,TurkicWorld

Kənd təsərrüfatı iqtisadi fəaliyyət sahəsi olmaqla yanaşı, eyni zamanda sosial sabitliyin və milli təhlükəsizliyin əsas dayaqlarından biridir. Ölkəmizdə məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı isə artıq 10 faizə yaxınlaşır: "Xüsusilə qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi məsələsi strateji məsələyə çevrilib.

Qeyd edim ki, 2025-ci il 1 oktyabr tarixinə olan məlumata görə, ölkəmizdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir. Müəssisələrdən 26-sı iri, 175-i orta, 417-si kiçik, 12 mini isə mikro sahibkarlıqdır.

Bununla belə, kredit təşkilatlarının ümumi portfelinin cəmi 1,8 faizi və ya 571 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa verilib. Bu isə maliyyə əlçatanlığı ilə bağlı aqrar sektorda əlavə alətlərə ehtiyac olduğunu göstərir".

O bildirib ki, dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir və Azərbaycan bu sahədə ehtiyaclarını ödəmək üçün daxili istehsalı, xüsusən də xam maldan emala keçidi təmin etmək üçün mövcud imkanlardan istifadə etməlidir: "Bu baxımdan, ölkə daxilində qida məhsullarının istehsalı üzrə tam dəyər zəncirinin formalaşdırılması olduqca vacibdir. Biz kənd təsərrüfatına yalnız torpaq və məhsul prizmasından deyil, toxumdan süfrəyə qədər – yəni istehsal, emal, logistika, qablaşdırma, markalanma və brend yaratma mərhələlərini əhatə edən kompleks yanaşma ilə baxmalıyıq. Məhz bu yanaşma məhsulun əlavə dəyərini artırır və ixrac imkanlarını genişləndirir.

Fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan sahibkarları artıq bir sıra ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər Körfəz ölkələrinə öz məhsullarını uğurla ixrac edirlər. Bu bazarlarda "Made in Azerbaijan" brendinə olan etimad ildən-ilə artır.

Azərbaycan Sahibkarlar Konfederasiyası Türk Ticarət və Sənaye Palatasında, eləcə də İslam Ticarət və İnkişaf Palatasında ölkəmizin özəl sektorunu təmsil edir və sahibkarlarımızın yeni bazarlara çıxışı üçün institusional dəstək göstərir. Xüsusilə bu ilin fevral ayında Məkkə şəhərində keçirilən Halal Qida sərgi-forumunda Azərbaycan stendinə və məhsullarına olan yüksək maraq bir daha

Qeyd etmək istərdim ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlarla sıx və konstruktiv əməkdaşlıq edir".

M. Musayev vurğulayıb ki, aqrar sektorda fiskal tənzimləmələrin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi və mövcud çətinliklərin operativ həlli üçün daimi dialoqa xüsusi önəm verilir: "Cənab nazir Məcnun Məmmədovun sahibkarlarla açıq dialoqa hazır olması, onların problemlərini dinləməsi və birgə həll yolları axtarması biznes ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanır.

Məhz bu baxımdan, bu gün keçirilən tədbirin də əhəmiyyəti böyükdür. İnanıram ki, bu platforma yeni ideyaların, konkret təşəbbüslərin və effektiv əməkdaşlığın formalaşmasına töhfə verəcək".

Mövzuya görə xəbərlər