Bakı.TurkicWorld
Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.
TurkicWorld xəbər verir ki, sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edilib.
4 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb. Cəbrayıl şəhəri ilə birlikdə rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri düşməndən geri alınıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.
Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.
2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən şanlı Vətən müharibəsində Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi.