BAKI, TurkicWorld, Orxan Qədirzadə
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir.
TurkicWorld xəbər verir ki, Agentlik tərəfindən növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.
14 işəgötürənin iştirakı ilə keçirilmiş yarmarkada İT üzrə mütəxəssis, aşpaz, bağ fəhləsi, qaz paylayıcı stansiyanın operatoru, qeydiyyatçı, sürücü, anbardar, gözətçi, çilingər və s. peşələr olmaqla, ümumilikdə, 103 vakansiya təqdim edilib.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Qarabağ Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzin fəaliyyəti və həyata keçirdiyi peşə hazırlığı kursları, həmçinin, müraciət qaydaları barədə məlumat verilib.




